Əbülfət Mədətoğlu : - Bir məktub yazıram, çatar yəqin ki…

Gündəm 08:45 / 30.11.2024 Baxış sayı: 1274

Öncə salam. Artıq iki ilə yaxındır ki, üz-üzə görüşə bilmirik. Amma mən hər gün səni sosial şəbəkədə görürəm. Paylaşdığın, bir-birindən maraqlı informasiyaları, poeziya nümunələrini, həmçinin müdriklərin fikirlərini böyük həvəslə oxuyuram və inan ki, bu təmasdan çox məmnun oluram. Çünki gördüyün, yəni təqdim etdiyin hər bir informasiya və yaxud şeir özünə bənzəyir : -  Təmiz, sadə, halal və düşündürücü!!! 

 Ona görə «özünə bənzəyir» yazdım ki, mən bu günə qədər həyatda sənin bənzərini görməmişəm. Qarşıma çıxmayıb. Hətta həmyerlin olan dostlarıma da zarafatla demişəm ki, Şükür Şənol Böyük Bəhmənliyə sanki göydən gəlib düşüb. Ona görə də fərqlidi. Ətrafa, insanlara, hətta sözün özünə münasibəti də özəldi. Bunu ona görə vurğulayıram ki, Şükür Şənolun söz dünyası adamın çiyinlərindən basır, yerində otuzdurur və düşünməyə məcbur edir. Misralarındakı ağırlıq, tutum o qədər ələnib ələkdən keçib ki, onu bir daha başqa formada təsəvvür etmək, yazıya gətirmək mənim üçün mümkünsüz bir şeydi.

Elə bu mənada Şükür Şənolun özəl keyfiyyətləri ilə yazı özəlliyi bir-birini tamamlayır. Mən bir oxucu kimi onu necə görüb necə tanıyıramsa qələmindən kağıza köçüb oxucu diqqətini çəkən yazılarını da o cür görürəm. Hətta o yazıların altında imza olmayanda belə mən onun Şükür Şənola aid olduğuna tərəddüdsüz qərar verə bilərəm. Yenə də deyirəm, bunun əsas səbəbi özünəməxsusluqdur. Bax, elə bu məktubu da onun özünə yazıram və şübhə etmirəm ki, bu məktubdakı fikirləri Şükür Şənolun oxucuları açıq ürəklə, sayqı və həm də zamanında yazılmış kimi qəbul edəcəklər…

İki gün öncə sosial şəbəkədə Şükür Şənolun qarşılaşdığım son paylaşmalarından biri insan duyğuları ilə bağlı idi. Həmin  o insani cizgilərin dalğası məni Şükürün kitabını əlimə götürməyə həvəsləndirdi, daha doğrusu vadar etdi və mən «…aramızdakı bir mələk» kitabını qeyri-ixtiyarı açdım və indi oxuyacağınız, daha doğrusu artıq oxumağa başladığınız şeiri ilə qarşılaşdım:

 

…elə gələr ki bu həsrət

dübədüz sinəmdən keçər

namərd düşmən kimi

hədəf ürəyimi seçər

bu həsrətin qurğuşun qurmaya oxşar

ağırlığı var

bu həsrətin ağırlığı əzə bilər ürəyimi

bilirsənmi…

 

Məncə bu şeirdəki obyekt də, ünvan da, duyğu da, yaşam da, etirafın özü də birmənalıdır və yalnız həsrəti yaşayanların dəyərləndirə biləcəyi səviyyədədir. Çünki sevənə ən böyük zərbəni, ən öldürücü gülləni həsrət atır, həsrət vurur. Özü də birbaşa ürəkdən. Deməli, dəqiq, sərrast və düpbədüz ürəyə vurulan güllənin namərd atıcısı barmağı   həmişə  tətikdə olan həsrətdir. Onun bütün həmlələrinə həm psixoloji, həm fiziki, həm mənəvi təzyiqinə dözən isə ürəkdi. Bax, bu gerçəyi dörd-beş misrada deyir oxucuya, yəni mənə Şükür Şənol.

Bizim yaşadıqlarımız, eləcə də yaşatdıqlarımız içərisində olduğumuz  zamanda qarşılandığı forma  və məzmunda  , dünənə köçəndə, xatirəyə dönəndə xeyli fərqlənir. Yəni, onun zərbəsi, onun vurduğu yaralar və yaxud onun təbəssümü, onun gülüşü dəyişmiş olur. Bu da ondan irəli gəlir ki, hər anın öz hökmü olduğu kimi, öz dərketmə, düşündürmə arenası da var, ovqatı da var. Deməli, ilk oxunuşda və yaxud ilk eşidiləndə sözün etdiyi təsir yaddaşa köçüb iki gün sonra xatırlananda insanda başqa bir ovqat yaranır, başqa bir çözüm çıxır ortaya. Bu, mübahisəli və müqayisəli fikirlərin içərisində Şükür Şənol özünəməxsus bir məntiqlə pıçıldayır bizə. Yəni yazır ki:

 

Nəğmə oxuyardı, dünənə kimi

sözündə, fikrində kövrək düşüncə, -

meşədə, ormanda dünənə kimi

gəzib dolaşardı əldən düşüncə…

 

Yazın yağışında dünənə kimi

aydınlıq olardı hər qədəm başı.

Onun baxışında dünənə kimi

Təmizlik duyardı dostu, sirdaşı…

 

O bir bəxtəvərdi, dünənə kimi

şan və şöhrəi idi obaya, elə, -

səni də sevərdi, dünənə kimi

sevəcək elə də bu gündən belə…

 

Oxudunuzmu bu şeiri?!. Əgər oxudunuzsa gəlin razılaşaq. Şükür Şənolun bizə təqdim etdiyi bu üç bəndlik şeirdə hər şey dünənə aiddi. Və bütün baş verənlər də dünənə kimi baş veribdi. Xatirəyə çevrilib, yaddaşa köçüb. Amma Şükür o dünəndə qalanları unutmur, əksinə onun bugünə yolunu axtarıb tapır. Axtarışlar nəticəsində də dünənkinin dünəndə qalmadığını, sevginin gücü ilə, ruhun, ürəyin tələbi ilə bugünə, sabaha transfer etdiyini də görürük. Məhz dünəndən bugünə və sabaha keçib gələn BÖYÜK SEVGİDİ. O sevginin bugünlə tamamlanmadığını, sabah da davamlı olacağını özünəməxsus ədəbi üslubla Şükür Şənol söylədi mənə. Eləcə də sizə. Mən oxudum, eşitdim, inandım. Sizlərin də inanacağına hər hansı bir şübhəm yoxdu. Ən azından ona görə ki, bu şeirin müəllifi zamanı bir-birinə qopmayan, qırılmayan tellərlə bağlayır. Zamanı zamanın içərisində böyüdür, yaşadır…

Bəli, əzizim Şükür!

Sənə yazdığım qısa, amma içimin istəyi olan bu məktubu hələlik burda bitirirəm. Ona görə «hələlik»  yazıram ki, sənin özündən və sözündən heç vaxt ayrı olmamışam və bu fikri də ağlımın ucundan da keçirməmişəm. Bilirsən niyə? Ona görə ki, sən özəlsən, fərqlisən, dəyərlisən, sadəsən, səmimisən, diqqətlisən və ən vacibi sən Şükür Şənolsan.  Allaha əmanət ol.