MİNGƏÇEVİRLİ YAZARLARA ÜNVANLANMIŞ EL SEVGİSİ
Noyabrın 28-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin yaradılmasının 25 illik yubileyinə həsr olunmuş sözlü-nəğməli tədbir keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulandan sonra şəhər ictimaiyyəti nümayəndələrinin, universitetin professor-müəllim heyəti və filologiya fakültəsi tələbələrinin, veteranların və yazarların qatıldıqları söz məclisi Mingəçevir Dövlət Universitetinin akt zalında düzənlənmişdir. Əvvəlcə torpaqlarımızın azadlığı, suverenliyimizin bərpa olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbiri giriş sözləriylə açan şair İsmayl İmanzadə rəhbərlik etdiyi bölmənin yaranma tarixindən, son 25 il ərzində görülən işlərdən danışmış, bölmənin xəttiylə ayrı-ayrı vaxtlarda keçirilən poeziya gecələrinin, klassik şair və yazıçıların yubileylərinin, kitab təqdimatı mərasimlərinin, ayrı-ayrı idarə-müəssisə və təhsil ocaqlarında təşkil edilən poetik görüşlərin oxucular arasına milli ədəbiyyatımızın təbliği və yerli yazarların tanıdılması yönümündə böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bölmənin xəttiylə görülən önəmli işlərdən söz açmış, bu qurumun ötən illər ərzində mingəçevirli yazarların dəyərli yaradıcılıq mərkəzinə çevrildiyini, 25 il qabaq bölmənin açılışı zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, yerli yazarlar və şəhər ictimaiyyəti nümayəndələriylə birgə olduğununin və yazarlara ilk xeyir-dua verənlər arasında olduğunu həmişə sevinc-fərəh hissiylə xatırladığını qeyd etmiş, bölmədə təmsil olunan yazarları təbrik etmiş, onlara bundan sonrakı vaxtlarda da uğurlar arzulamışdır.
Sonrakı bir məqamda şəhər rəhbəri bölmənin sədri ilə yanaşı, bu söz ocağının ən fəal üzvlərindən olan,- Zümrüd Rəhimova, Bəhman Gülövşəli, AŞIQ Qoşqar Xasməmmədov və gənc şair-dramaturq Elçin Məhərrəmə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim etmişdir.
Tədbirə qonaq qismində qatılangörkəmli alim, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Mingəçevirdə uzun illər yüksək vəzifələrdə çalışmış yazıçı-publisist,-AYB-nin üzvü Ramiz Göyüş və AYB-nin Ağdaş bölməsini sədri, tanınmış şair-publisist Fəzrəddin Əsəd səmimi ürək sözlərini sevinc hissiylə dillərinə gətirmiş, yazar həmkarlarına,-onların şəxsində Mingəçevir sakinlərinə ulu Tanrıdan uğurlar diləmişlər.
Mingəçevir Dövlət Universitetində xeyli vaxtdan bəri rektor vəzifəsini icra edən Üzeyir Zeynalov bundan sonrakı dönəmlərdə də AYB-nin yerli bölməsinin yazarları ilə davamlı olaraq əməkdaşlıq edəcəklərini vurğulamış, şəhər Veteranlar Şürasının sədr müavini Rizvan Mikayıllı və mətbuat nümayəndələri adından çıxış edən tanınmış tele-jurnalist İnqilab Şirinli əlamətar hadisə münasibətiylə ən səmimi sözlərini və xeyir-dualarını yazarlara ünvanlamışlar.
Yerli yazarların təmsilçiləri qismində AYB-nin üzvləri Elşən Əzim, Namiq Zaman və Nicat Hünalp çıxışlarının sonunda çeşidli mövzularda yazdıları şeirləriylə hamını məmnun etmişlər.
Tədbirin ayrı-ayrı bölümlərində aşıq mahnılarının mahir ifaçısı Aşıq Qoşqar Xasməmmədov və Üzeyir Hacıbəyli adına şəhər musiqi məktəbi nümayəndələrinin təqdim etdikləri mahnılar sonda alqışlara layiq görülmüş, sözlü-nəğməli yubiley tədbirinin nəğmə çələngi kimi yaddaşlarda unudulmaz xatirələrə çevrilmişdir.
Tədbir iştirakçıları iki saata yaxın zaman kəsimi ərzində həm maraqlı bir söz məclisinin iştirakçısı, həm də yazarlara,-onların timsalında ədəbiyyata yönəlik oxucu sevgisinin şahidi olmuşlar.
MƏMMƏD MƏRZİLİ, ŞAMİL HƏSƏN
AYB MİNGƏÇEVİR BÖLMƏSİNİN ÜZVLƏRİ
QEYD: YAZIDA ÖZ ƏKSİNİ TAPAN FOTO-ŞƏKİLLƏR “BƏNÖVŞƏ” ƏDƏBİ-BƏDİİ DƏRGİSİNİN BƏDİİ REDAKTORU CABİR QƏDİMOV TƏRƏFİNDƏN ÇƏKİLMİŞDİR