Əbülfət Mədətoğlu : - Həyat "OL!"-la   başlayıb

YAZARLAR 10:15 / 21.11.2024 Baxış sayı: 3963

Elə bizim SEVGİMİZ DƏ!..

 

Biz bir bəndə olaraq elə bir  missiya daşıyırıq ki, onu Yer üzündəki bütün canlıların topası daşımır. Bunun  xoşbəxt tərəfi olduğu kimi həm məsuliyyət  və hətta hərdən düşünürəm ki, bədbəxtlik tərəfi də kifayət qədərdi. Ona görə dəbu "bədbəxtlik" sözünü ona görə vurğulayıram ki, kiçik bir səhv,xırda bir yanlışlıq bəzən yüzlərin, minlərin, hətta milyonların həyatı hesabınaötüşür. Bir nadanın atdığı çaxmaq, bir kütbeyinin, yaxud özündənrazının   çılpaqlığı yanğınlara, müharibələrə, qarşıdurmalara aparır. Deməli, insan  qoruduğu kimi, qurub-yaratdığı kimi, həm də uçurub dağıtmağa, tarımar etməyə  meylli varlıqdı. Bax, bu mənada Yer üzünün əşrəfi sayılanın paralel olaraq həmdə Yer üzünün qatili olması birmənalıdı.

 Və bu da düşünən insanı bütün ömür boyu diqqət mərkəzində    saxlayır. Axı, bizim içimizdə bir topa sual var. O sualların sırasına baxsaq,özümüz də bir balaca silkələnə bilərik. Belə ki, sualların düzülüşünə diqqət  yetirin: Kim? Nə? Hara? Kimdən? Nədən? Haradan? Kim üçün? Nə üçün? Hara üçün? Və  ən böyük sual - Niyə???

Hə, bax elə bütün problemlər dəbu niyədədi. Və bu niyə də insanın özüdü - əməlidi, xidmətidi, nəfsidi,kimliyidi, əqidəsidi, məsləkidi, ürəyidi, əlidi... Bax, beləcə, bu suallar ətrafında  günlərlə, aylarla, illərlə düşünə-düşünə günləri aylara, ayları illərə  calayırıq. Bir az, bir az çox, bir az uğurlu, bir az uğursuz. Bu bir karvanyolu. Biz də o karvanın bir yolçusu,qoşulub gedirik sevincimizlə kədərimizlə birlikdə. Elə gedə-gedə də ya  böyüyürük, ya kiçilib xırdalanırıq. Çünki biz zamanın dəyirmanının içərisindəyik  axı. O dəyirman hamını üyüdür. Bir az narın, bir az girdə, bir az da ağnavazedir. Kimin bəxtinə necə düşə, düşə. Nə isə...

Bəli, bax, bu yükünü çəkdiyimizYer üzünün hansı qatında dayanmağımdan asılı olmayaraq, həmişə özü-özümə sual  vermişəm:

- Bu yüklər, bu ağrılar nədən  qaynaqlanır? Niyə gerçəyin önündə susmalı oluram? Haqqı etiraf etməyə çətinlik  çəkirəm? Və yaxud da içimizdəki ağrını dilimizə gətirməkdə tərəddüdlüyük? Yəni  bizim anlayış hissimiz bu qədər kütləşib? Axı əlimizə batan tikan, dərimizicızan kol özümüzdən asılı olmadan bir "uf" gətirir dünyaya. Dərhal o  cızılan, o tikan batan yeri ovutmağa çalışırıq. Bax, elə öz həyatımın bir məqamınaüz tuturam. Gəlinim mənə ağrıkəsici iynə vuranda özümü nə qədər bərk tutsam da  ufuldadım. Bu halım onu pərişan etdi. Yavaşca, sanki günahını yuyurmuş kimidedi:

- Əmi, iynə göynədəndi...

 

Üzünə baxıb gülümsədim... Amma  yazdım da:

 

 

Sən vuran iynə göynətmir

Göynəyir ürək, Fəridə!

Mənə Allahın  zülmünü -

Eyləyir, ürək, Fəridə!

 

 

Baxıb, susub... içdə gülür

Bir əliylə gözün silir...

Ovcunun içi tək bilir -

Neyləyir, ürək, Fəridə!

 

 

Yaşıma, halıma baxıb

Fələk ta falıma baxıb!

Məni lap yandırıb yaxıb -

Kövrəlir, ürək, Fəridə!

 

 

Üzməsin bu halım səni

Fərəhdi ruhumun təni...

Kədər ta qorxutmaz məni -

Öyrənir, ürək, Fəridə!

 

 

 

Bəli, bu gerçək ağrı həmişə  var, ağrının dərmanı da təbii ki, ortadadı. Sadəcə, onu axtarıb tapmaq, görmək  lazımdı. Əgər yaranın ağrısını ictimailəşdirsən nə dəyişəcək ki? Hər kəsin"ah"ı, "uf"u öz içinin yanğısıdı. O odda da elə yanmalısanki, tüstü bacadan düz çıxsın. Onu bir sən görürsən, bir yandıran, bir də Tanrı.Belə olan halda qəmli şeirdən tutmuş qorxunc nağıllara kimi hər şey gerçəklik  kimi yaşanacaq. Çəkinməyəcəksən, ürpənməyəcəksən və hətta bəzən o şeirlər, o  yaşantılar üçün darıxacaqsan. Və belə məqamda mən də könüldən-könülə olan bir  yolla səni duyub sənə tərəf bir pıçıltı göndərəcəm və deyəcəm ki:

 

 

Ürəyimin durumu -

İndi qopmaq anıdı...

Sənə dilənən ömür -

Bil, torpağı sanıdı...

 

 

Sıxıram çırpıntılar

Yavaş-yavaş səngiyir...

Dolmuş baxışların da -

Vida üçün ləngiyir...

 

 

Bu kövrəlmək sevgiyə

Gülüm, deyil ki, əlbət...

Ölən Əbülfət ilə -

Ölür bu sevgi xəlvət...

***

Son günlər  yaşananları qısa bir zamanın inkişaf xətti üzərində  düzürəm. Necə deyərlər, bu son günlərin  mənzərəsini yaratmağa, onun ,maliyyəçilərin dilində  desək . balansını  çıxarmaq  istəyirəm...Və  çox  qəribədir  ki, son  günlərin hamısı   qayğı yüklüdü, sevincə, təbəssümə, könül rahatlığınabir-iki iynə boyu yer qala, qalmaya... Bax, budur gerçək! Və bu gerçəyin içərisində  ayaqda durmaq, sənə sığınanları, sənin içindəkiləri ayaqda saxlamaq heç də asan  deyil. Deyə bilərsiniz ki, təkbaşına mücadilələr həmişə çətin olur. Amma mən  sizinlə razılaşmıram. Çünki hər birimizin içərisində öz mənimizin tərəfdaşı,ortağı var. Və biz də həmin o ortağımızın güvənini hiss edəndə bir az dayanmaq  gücümüz artır. Çox təəssüf ki, bunu hər an hiss etmək, hər an yaşamaq mümkün  olmur. Ümumiyyətlə, öz içində məni və o mənin yarısını görmək, ona tapınmaq özüdə fərqli bir istedad, fərqli bir bacarıqdı. Və biz də bu fərqli olanı hər  birimiz özümüz kimi yaşayıb, özümüz kimi də aparırıq getdiyimiz hər yerə...

Təbii ki, içindəki mənin yarısıilə bütün ömür boyu birgə olmaq və bu birliyi sınaqlardan, əzablardan keçirmək,sevincinə qarışmaq şəxsən mənim üçün ən böyük arzu və savabdan biri sayılır.Ona görə də içimdəki mənin yarısını, əslində isə elə sənin özünü bu ömrə, bu həyata  Tanrı yazıb, Tanrı nəsib edibdi. Mən də Tanrı yazısının pozulmazlığını  zaman-zaman deyirəm, yazıram, təkrarlayıram.Hətta hərdən hissləri çilovlaya bilməyəndə yalvarışa da meyl edirəm.Açıq mətnlə kimsəni nəzərə almadan, nəyisə gözdən qaçırmadan az qala bəyanat şəklində   vurğulayıram:

 

 

Yorulmuş ürəyimin

Dözümünü götür, gəl...

Qor olmuş diləyimin -

Çözümünü götür, gəl...

 

Dizim hər gün bükülür

İçim qat-qat sökülür...

Göyə dəyib tökülür -

Öz ünümü götür, gəl...

 

 

Gözüm yolu geyib ta

Gözümü yol yeyib ta...

Sən Tanrıya deyib ta -

Özülümü götür, gəl...

 

 

Daşam, ağacam, otam

Bizi yaradıb O tam!

Sənsiz buzlayır odam -

Köz ömrümü götür, gəl!

 

Zənnimcə, bu ismarıc, bu  yalvarış məni, elə onun özünü də  alçaltmır, kiçiltmir, xırdalamır. Ona görə ki, bu içdən gəlir. İçimdəki mənin  yarısına doğru gəlir. Onu tamamlamağa, onu tam olmağa səsləyən bir çağırış kimiifadə olunur. Sadəcə, görmək istəyən mənim dediklərimi, yazdıqlarımı duyur,görür, istəməyən isə...

İndinin özündə belə yazdıqlarımın  təsiri altında olmaqla bahəm, həm də bir az kənar adam kimi bu fikirlərə göz  yetirirəm, saf-çürük edirəm. Oxucuya çatdırdığım məntiqin necə qarşılanacağını  anlamaq istəyirəm... Və anlamağa çalışdığım istəklərin fonunda yenə mənzərə  canlanır.

O mənzərə də bütövlükdə  sevgidi! Birmənalı şəkildə anlayıram ki, sevgisiz heç nə mümkün deyil. Bunun daən böyük sübutu Allahın bəndəni sevgidən yaratmasıdı. Biz sevgidən yarandığımız  üçün içimizdə beşikdən məzara qədər sevgi daşıyırıq. 

Öz şəxsimdə  zaman-zaman sınadığım bu məntiq məni bütün suallarla üz-üzə, baş-başa gətirdiy  ianda belə birmənalı olaraq haqdan gələnin qalib olduğunu, hakim olduğunu qəbul   etmişəm və yazmışam ki:

Elə günüm

olmur ki,

olüb dirilməyim?

möcüzədi vallah

hər gün

ölməyim,

həm də dirilməyim -

Allah!..

Mən sənə sığınıb

ümidləndim -

ümidnən idim...

Onun 

üstümdən qanadın

bir az yığılıb -

qoy kölgəndə

itim...

Allahım!

bəndə haqqıma

iynə ucu iddia

düşmür yadıma,

gəlmir ağlıma

sən

necə istəyirsən

elə də çıx axrıma,

Allahım!

Lap sürünə-sürünə

olsa belə

inan ki,

dilənməyəcəm

amma  sən birin

O  BİR təki

gözyaşın

sevgi   kimi

bükəcək  adıma...

 

***

Adətən  bir mövzunun ipucundan başlayıb yol gedərkən sağdan, soldan və ümumiyyətlə hər  tərəfdən hansısa təsirlər, hansısa yanaşmalar, bəzən basqılar da   qaçılmazdı. Ona görə də istənilən yazı da fikir qırıqlığı, söz dolaşıqlığı normal sayılır mənim üçün. Axı mən də bu cəmiyyətdə, bu camiyədə yaşayıram və  baş verən hər şeyin , əvvəldə dediyim kimi , mənə də dəxli var. Onun uğurlu,faydalı hissəsi də zərərli,  günahlı bölümü də mənim adımda zərrənin  milyardlarda biri qədər etiva olunubdu...

Demək bu gerçək həm də düşünmək  və düşündüklərini özünün həyat kredomda ifadə etmək müstəvisini də sərgiləyir.Ona görə də həyatın nə sualından qaçmaq lazımdı, nə də cavabından imtina etmək...Bunu ona görə xüsusi vurğulayıram ki, sual da, cavab da qaçılmazdı. Biz də o  qaçılmaz olanın predmetiyik...

Hə, sınandığımız, sevgisi və  sevinci, əzabı və möhnətiylə bizi əhatə edən bu dünyanın bir iynə boyda hüceyrəsi  olmaq heç də pis deyil. Təki olduğunu hiss edələr, yaxud da sən hiss etdirəsən. Bax, mənim sözümün canı, necə deyərlər, mustafası bundan ibarətdir. Axı bu həyat  sevgidən doğulub və bu həyatın bütün canlıları da "Ol!"dan yaranıb.Elə bizim sevgimiz də!