Aida Adıgözəl: - Hadisələri qabaqcadan hiss etməm - bu sifarişli deyil...

YAZARLAR 10:26 / 02.05.2023 Baxış sayı: 65226

Yorğun olmağıma baxmayaraq Aygün xanımın mistika ilə bağlı paylaşımı məni yaşadığım bu hadisələri yazmağa vadar etdi. Həmişə məndə intuisiyanın 6-cı hissdən daha güclü, bəlkə də 9-un üstündə olmasını qeyd etmişəm. İndiyədək bu hadisələri fb dostlarımdan ikisinə, onu da fikrini almaq üçün danışmışdım. İndi də 5-6 dənəsini sizinlə bölüşmək istədim. Əslində məndə niyə belə hallar olduğunu, bu anormalmı normalmı heç özüm də bilmirəm.

Hadisələri qabaqcadan hiss etməm - bu sifarişli deyil ani baş verir. Sanki qaranlıq otağa girib işığı yandırırsan və otaqdakı əşyaları görürsən. O an beynimdə elə bil ki, qəflətən ampul yanır, hadisələrin gələcək gedişatını işıq sürətilə canlandırır. Nəticədə həmin canlandırmalar 99% olduğu kimi baş verir.

Misallar çəkim, ruhi xəstəxanada işləyirdim, gecə növbəsindəydim. Səhərə yaxın mamamın pələngdən qorxduğu siqnalı içimdə doldu. Və hansı otaqda yatdığını, divardan zolaqlı əl-üz dəsmalı asıldığını bilirdim. Növbəni vaxtı bitməmiş təhvil verib evə qaçdım. Mamamın rəngi ağarmış qaşqabaqlı görünürdü. Tez soruşdum:- gecə qorxmuşdunmu? O da üstünə pələng gəldiyini görüb qorxu içində qəfil ayıldığını danışdı. Dediyim kimi o həmin divarda zolaqlı dəsmal asılan otaqda yatmışdı.

3 ölüm hadisəsini qabaqcadan hiss etməm: qapıbir yaşlı qohumumuz vardı, küçəyə çıxanda əlində balta quru kötükləri doğradığını gördüm. Yanından salam verib keçəndə sanki kimsə mənə dedi dön sifətinə diqqətlə bax. Kişinin sifəti qulaqlarının arxasınacan göyərmiş boğulmuş sarıya çalırdı. Və o anda içimdəki səs əmimin iki ay çəkmədən öləcəyini söylədi. Əmim cəmi bu hadisədən sonra ay yarım yaşadı.

Bacımgilə getmək üçün kəndarası əsas asfalt yolla çıxmışdım. Bu zaman öz evlərinin yaxınlığında yaşlı bir kəndçimizlə rastlaşdım. Salam verdim, adam məndə qəribə "ощущения" yaratdı. Ağır və güclə yeriyirdi, dayanıb arxasınca baxdım, baxdım... içimdəki səs hər şeyin bitdiyini söyləyirdi. Bacımgilə çatmağım 10 dəqiqəmi aldı. Oturduğum beş dəqiqə deyildi ki, xəbər gəldi, adam xəstəxanada infarktdan keçinmişdi...

Daha dəhşətlisi Bakıda yaşadığım vaxta təsadüf etmişdi. Yay idi, tək idim, günorta saat iki radələri idi. Kiçik həyətimizi sulayıb köhnə kresloda gözlərimi yumub düşüncəyə dalmışdım. Yoldaşım işdə idi və işdən sonra zəng edib dənizə gedəcəyini söyləmişdi. Kənddə olan zaman 3 dəfə ciddi Kürdə batma təhlükəsi yaşadığımdan suya fobiyam var. Bu üzdən çox narahat idim. Birdən spilalvari soyuq cərəyanların üstümə axdığını, ətrafımda dövrə vurduğunu hiss etdim. Bu çox vahiməli idi, amma təmkinimi pozmadan gözüm yumulu içimdəki səsi test edərək sonluğu gözləyirdim. Çox qəribə idi, cərəyanlar mənə toxunurdu, amma ürəyimi ağrıtmırdı. Artıq başa düşmüşdüm ki, bu gələn soslar mənim yaxınlarıma toxunmayacaqlar, kimdisə kənar ağrıdı. Axşam yaxınlaşırdı, 6 olardı. Yoldaşım dənizə getməkdən vaz keçib birbaşa evə gəlmişdi. Televizoru açıb xəbərlərə qulaq asa-asa süfrə hazırlayırdım. Birdən dənizdə adam batdığını və şəxsin Biləcəridən iki uşaq atası olduğunu, saat 2-də batdığını xəbər verdi. Biz heç bunun kim olduğunu anlamamış arxa divar qonşumuzda ağlaşma, dəhşətli qışqırıqlar eşidib küçəyə qaçdıq. Bəli, qapıbir qonşumuz iki uşaq atası məhz ! saat ikidə, o vahiməli dalğaların üstümə axıb aşıb üstümdən arxama getdiyi anda dənizdə batmışdı...

2004-cü ilin may ayının sonları idi. Yoldaşıma Montindən zəng edib "gəl bu evə bax"- deyə zəng etdilər. Evin təmiri, yiyəsi haqqında heç bir söz də deyilməmişdi. Yoldaşım geyinib çıxdı. Biraz evdə qurdalanıb yataq otağına keçib uzandım. Evimizi təzə tikdirmişdik, hələ divarları qara suvaq idi. Hərdən divarlara baxanda suvağın üzərində cürbəcür şəkillər tapırdım. Nə vaxt yuxuya getdiyimi bilmədim, ayılanda günəş günbatanda olduğundan evə axşam toranlığı düşmüşdü. Yatağımdan qalxmadan gözlərim divardan mənə baxan iki qadın rəsminə dikilib qalmışdı. Biri saçını toppuz yığmış yaşlı qadın, biri də saçları qısa kare, mavigözlü olduqlarından rus həm də ana-bala olduğu anlaşılırdı. Yoldaşım gəldiyi zaman yenə öz öngörümün düzlüyünü yoxlamaq üçün "ev yiyələri kimdir" sualını verdim. Yoldaşım "ana-bala rus qadınlardır"- dedikdə divarda gördüyüm başqa əlamətlərini söylədim, heç təəccüblənmədi. Çünki bilirdi məndə belə halların olduğunu və doğru çıxdığından mənə inanmağı üçün heç bir səbəbi yox idi.

Bu yaşadıqlarımın cüzi hissəsidir. O üzdən mən həmişə intuisiyama güvənirəm. Əzablıdır, seçici olmaq məcburiyyətində qalırsan, amma səni kimsə aldada bilmir. İnsanları ani toxunuşla uzaq məsafədən belə dərin tanıyırsan.