Sona Vəliyeva : - ÇOX ŞEY İSTƏMİRƏM ALLAH BABADAN

Ədəbiyyat 09:50 / 03.12.2024 Baxış sayı: 430

 

(Bir rəsm əsəri önündə donub qalmışdım.

Balaca bir oğlan uşağı küçə divarına evsizlik

yanğısını günəşli bir pəncərə çəkməklə

ifadə etmişdi. Nimdaş paltarda, köhnə

qutu üstündə, yanında təbaşiri, sanki ev

tikib, içində şükürlü bir Tanrı bəndəsi kimi

oturmuşdur.)

 

Ehey, sizə səslənirəm, dünyanın varlı

adamları,

Başı göylərə dəyən, uca-uca,

axça-axça evlər, hər şeylər

Sizin olsun.

Neynirəm ki,

...mənə qıymağa,

Dünyanı tanımağa, duymağa

İnsan tək yaşamağa,

Mən çox şeylər istəmədim ki,

Allah babadan.

Hamı kimi bir evimiz olsun,

Tək pəncərəli, tək odamdan

Günəş gülümsəsin üzümə.

Pəncərəmi açım – günəşlə hava,

Qol-qola gəlsin evimə.

Bütün havanı doyunca çəkim içimə,

Unudum əzablarımı uşaq dilində,

üz-gözündən,

ruzisindən mənə bənzəyən sərçələrlə

dərdləşim, dilləşim sərçə dilində,

Yuxularımda çaldığım kamanın səsi tək

Ruhumu oxşasın külək.

Sonra... sonra söykənim pəncərəmə,

Gözlərim bir nöqtədə,

Əllərim Allah babaya duada:

Dünyanın bütün evsiz uşaqlarına

Ev arzusuyla...