Əbülfət Mədətoğlu : - Adsız şeir

Ədəbiyyat 09:35 / 03.12.2024 Baxış sayı: 425

Hava boz-bulanlıq, həm də yağışlı

Elə bil üstümə bir kabus çöküb...

Ətrafdan duyduğum qəmli baxışlı -

Payız, ağacların yarpağın töküb.

 

Tıncıxır ürəyim, çatmır nəfəsim

Gözüm dirəndiyi yerdən çəkilmir...

Donubdu içimdə  yaşam həvəsim -

Boşluğa boşuna heç nə əkilmir!

.

 

Qollar düyün düşüb, fikir də pərən

Ağlımdan yaxşı - pis heç bir şey keçmir..

. Elə bil qırılıb sonuncu kərən -

Yorulmuş  biçinçi  vərini  seçmir ...

 

...Hava boz -bulanlıq... əhvalım üzgün

Görmədən  keçməyin bəlkə  xoş olar.

Mənə "Dəli " deyən , zənnimcə düzgün -

Olar ki,ürəyim yağsa  boşalar!