Adilə Səfərova dan İKİ ŞEİR

Ədəbiyyat 10:20 / 04.12.2024 Baxış sayı: 602

Susub payız, çatır sona..

 

.Ələyib son yağışların,

Susub Payız, çatır sona.

Küskün olub baxışları,

Bürünübdü miskin dona.

Dəli- dolu rüzgarıyla,

Sırsırası, buz barıyla,

Tufanı, çovğun-qarıyla

Ayazlı qış gəlir cana.

Payız koçünü çəkəndə,

Yerin alır duman-çən də,

Qırov olur çöl-çəməndə

şeh damlasi dona- dona.

İlki dağa sarı gəlir,

Göyün bəyaz varı gəlir,

Kəpənəktək qarı gəlir,

Zirvələrə qona-qona.

Gedilməz olar uzaqlar,

Goynədər canı sazaqlar.

Qartopu oynar uşaqlar

Yanaqları yana- yana.

 

3 dekabr 2024-cü il

 

 

Ay məni öldürən adam.

 

Arada haqq- say itirən,

Məni bu hala gətirən,

İçimdə güllər bitirən,

Çölümu solduran adam.

 

Qoparıb könlümdə simin,

Felinə uymusan kimin?

Yalanıyla ümidimin

Saçını yolduran adam.

 

İtib daha mizan, çəki

Xoşbəxt yaşa, var ol təki.

Xatirəylə könlümdəki

Boşluğun dolduran adam.

 

Qəlbimdə yox da, var da sən,

Yoxsa çətində, dardasan?

Bilmirəm, indi hardasan,

Üzümü guldurən adam.

 

Qeybə çəkildin sirr ikən,

Ruhumun təki- biriykən.

Qəsd edib sağkən- diriykən

Ay məni öldürən adam.