Rəfail Tağızadə :- Gecə ürəyini boşaldır yenə

Gündəm 12:24 / 29.11.2024 Baxış sayı: 1862

 

Əlində buludun təmiz göz yaşı,

dartılıb, tutulub gecənin qaşı,

baxıb bu gecənin tənhalığına

mənimtək ağlayır pəncərə yenə,

 

yağış pəncərəmi döyür bu gecə...

Ağaclar islanıb yuyulur yenə,

gecədən qəm, qüssə duyulur yenə,

başımda fikirlər soyulur yenə,

 

yağış pəncərəmi döyür bu gecə,

bu gecə pəncərəm ağlayır yenə...

Baxışlar söz açır dodaqdan qabaq,

sədalar tez gələr qonaqdan qabaq,

 

pəncərə üşüyür otaqdan qabaq -

yağış pəncərəmi döyür bu gecə,

bu gecə pəncərəm ağlayır yenə...

Kiminin üzünə yağar bu yağış,

 

kiminin könlünə yağar bu yağış,

kiminin gözündən yağar bu yağış...

yağış pəncərəmi döyür bu gecə,

bu gecə pəncərəm ağlayır yenə...

 

Göyün səs-küyünə dözməyən gecə,

kimsənin ürəyin üzməyən gecə,

kimsəyə gözünü süzməyən gecə-

dolan ürəyini boşaldır yenə:

yağış pəncərəmi döyür bu gecə,

bu gecə pəncərəm ağlayır yenə...