Xanım İsmayılqızı : - Həyatım, gözlərinə mən də axım, ya axmayım?
Həyatım, gözlərinə mən də axım, ya axmayım?
Həm qəmə, həm də dəmə mən də baxım, ya baxmayım?
O qədər səs var imiş dövrə vurub göydə qalan,
Səslərə öz səsimi mən də taxım, ya taxmayım?
Düzülübdür sıraya gündə anım, anda ilim,
Asılan pillələrə mən də çıxım, ya çıxmayım?
Kiçilir boy-buxunum, amma ki, ruhum böyüyür,
Bu yaxamdan tutanı mən də yıxım, ya yıxmayım?
Titrəyir dörd tərəfim, zəlzələ gəlmişmi qonaq?
Nəfəsi bir uduma mən də sıxım, ya sıxmayım?
Həyatım, gözlərinə mən də axım, ya axmayım?
Xanımam, kor deyiləm, mən də baxım, ya baxmayım?