SÜLEYMAN ABDULLA. : - YERDƏYƏM
Üfüqlərdi xəyalını aparan,
Gözlərimin qıyıldığı yerdəyəm.
Nə gündüzdü, nə gecədi, nə axşam,
Vaxtın ölü sayıldığı yerdəyəm.
Dərd püskürür qəlbimdəki sarp çatdan,
Yarımadıq nə doğmadan, nə yaddan.
Üzülsəydi nə vardı ki, həyatdan,
Əllərimin sıyrıldığı yerdəyəm.
Bu dünyada bəxtdən daha zalım yox,
Qəm gölündən adlamağa salım yox.
Nə gedəsi, nə qalası halım yox,
Ürəyimin qırıldığı yerdəyəm.