Saqif Qaratorpaq : - Mən belə dəliyəm,məni görmə,get!

Ədəbiyyat 20:49 / 02.12.2024 Baxış sayı: 415

Mən belə dəliyəm,məni görmə,get!

Xoşuna gələsi axı nəyim var?

Sevda ətri verən,şeir qoxuyan

Nəfəsi yanıqlı qırıq neyim var...

 

Bir eşqin yarası sinəmdə göz-göz,

Hər gün həsrət-həsrət çiçəkləyərəm.

İçimdə bir bahar buludu ağlar,

Misra-misra,bənd-bənd çisəkləyərəm.

 

Nə xoşdu özümə verdiyim cəza,

Əzabım -qönçədi,ağrım- tumurcuq.

Mİn ildi özündə azan dərvişəm,

Ürəyi-xaraba,koması-uçuq.

 

Məni sözə tutma,sözə uyaram,

Qəfil kövrələrəm...sonra gec olar.

Qapısı gül açar kimsəsiz evin,

Bu yurddan o yurda köçhaköç olar.

 

Səni aldatmasın bu yaz havası,

Tələsmə dumandan,çəndən keçməyə.

İlişib qalarsan sol tərəfimdə,

Yol tapa bilməzsən məndən keçməyə...