Şakir Xanhüseyn : - ÜZÜ YORĞUNLUĞA

Ədəbiyyat 20:59 / 02.12.2024 Baxış sayı: 595

 

Üzü yorğunluğa bir dinclik gedim,

enim bir dərinlik qoy ucalığa...

Hər dəfə bir tikə alım şeirdən,

deyim öz-özümə: doy ucalığa...

 

Ancaq gözlərimin gördüyü başqa,

yeyib doyanlar da acdılar, baxsan...

Bir qara qorxu var həm də canımda;

birdən yıxılaram ayağa qalxsam...

 

Çox zaman izləri əlimizin də

bir qapı açmağa üst-üstə düşmür...

Suda da bir addım atsan, yenə de:

nə yaxşı, ayağım od üstə düşmür...