SÜLEYMAN ABDULLA.: - YAĞMURLU BİR GÜNDƏ

Ədəbiyyat 13:30 / 26.09.2024 Baxış sayı: 333

 

Baxıb, bulud kimi tutulur adam,

Sozalan gözünü torpaq yol qırır.

Baxarsan göy üzü boşdur,

boşluqdan,

Tanrı yer üzünə dolu yağdırır.

 

Gələnlə, gedənlə doludu sağ-sol,

Hər adam daşımaz bala dişində.

Sona varmaq üçün deyildir hər yol,

Olmur son mənzili hər gedişin də.

 

Haqq-hesab dediyin çəkhaçəkdi, dost,

Biri ağrı çəkər, çəkər can biri.

Dünyanın bir üzü inciməkdi, dost,

Biri haqdan küsər, divandan biri.

 

Sabahkı yoxluqdir bu gün varlığı,

Vara çatsa əli...

qoy xına, olsun.

Olsun ki, tanrının boş-bekarlığı,

Düşüb dəli-dolu vaxtına, olsun.

 

Doluya düşürük boş yerə hərdən,

Ümiddir uğura çıxan nur adam.

Aramsız yağışlar yağır səhərdən,

Baxıb, bulud kimi tutulur adam.