Sabir Zəkullaoğlu : - Yuxunuz çin olsun cənablar..

YAZARLAR 21:00 / 25.09.2024 Baxış sayı: 724

Heç axşam yuxuda gördüyünüzü səhər durub axtarmısınız.?

Zakirin həyatında belə günlər çox olub..

Çünki onun həyatı başdan ayağa yuxudur. Ona görə də o, real həyatını yuxuda gördüklərindən ayıra bilmirdi. Hansı düzdü hansı yuxu, təyin edə bilmirdi.

O bir şeyi çox arzulayanda artıq onu əldə etdiyini düşünürdü..

Sonrakı zamanlarda o əldə etdiyi nəsnəni hara qoymuşam, harda itirmişəm kimi qənaətdə olurdu..

Bu, bəlkə də onun laiq olduğu, arzu etdiyi həyatı yaşaya bilmədiyinin, tamarzu qalmağının təzahürü idi..

Məsələn, o, hər hansı şəhərdə, hətta ilk dəfə olduğu halda, artıq hər şeyin ona tanış olduğunu, sanki bunları nə vaxtsa görübmüş kimi bir təəssürat yaşayırdı..

Zakir bir dəfə də yuxuda tapdığı pul haqda - hardasa yüz min manata qədər bir məbləğdən söhbət gedir. Səhər yuxudan oyananda evdə həyat yoldaşı Leylaya danışmışdı. Ancaq bu sanki yuxu deyildi, real idi..

O qədər xoşbəxt idi ki, real tapıntı kimi..

O gün, Zakir xoş xəyallarla günə başladı..

Dükana getmişdi, alış verlişə pulu çatmadı. Həmən taksiyə oturub evə qayıtdı ki, müəyyən məbləği alıb qayıtsın. Taksini binanın giriş qapısında saxlatdlrıb, kirayədə qaldığı binanın ikinci mərtəbəsinə qalxdı. Ayaqqabılarını çıxartmadan, lap oliqarxlar kimi, pullu adamların davranışını sərgiləyərək - əzizim, ordan mənə iki min pul ver dedi.

- Leyla hansı pul? Nə pul deyib, çaşbaş qaldı..

- Zakir tələs əzizim, məni aşağıda taksi gözləyir..

Leyla artıq özü də evdə pulun olduğuna inanmağa başlamışdı. Bir az duruxub, hansı? Səhər danışdığın - yuxuda tapdığın pulumu deyirsən, deyəndə, Zakir yatmasa da yuxudan ayılmış kimi oldu..

- Leyla, sən doğrudanmı taksi tutub, axşam yuxuda gördüyün pulun arxasınca gəlmisən, yoxsa zarafat edirsən, deyə soruşdu..

Bəli, əzizim. İnanmırsan çıx eyvana, bax. Özü də bahalı taksiylə gəlmişəm..

Leyla eyvana çıxıb, binanın girişində dayanan "badımcan taksi"ni gördükdə onu qəhər bürüdü. Xüsusi geyimdə olan, çəlimsiz orta yaşlı taksi sürücüsü siqareti elə ürəkdən çəkib havaya üfürürdü ki, siqaretin tüstüsü binanın ikinci mərtəbəsinə qədər burla-burula yuvarlanırdı...

Leyla geri dönüb Zakiri bərk-bərk qucaqlayıb, yüksək səslə ağlamağa başladı..

O gün Zakirgilin həyatının ən acı günlərindən biri olsa da, həmişə ən xoş günün xatirəsi kimi xatırlanırdı..

Yuxu görə bilmək özü də xoşbəxtlikdir.

Həkimlər bunun psixoloji məqam olduğunu deyirlər.

Bəzən yatmazdan əvvəl çox yemək də yuxu görməyə səbəb olur..

Ancaq aç toyuğun da yuxusuna darı girə bilir..

Məncə bütün canlılar yuxu görə bikirlər..

Nə yaxşı ki yuxu görmək var, yoxsa Zakir həyatını natamam yaşamış olardı..

Yuxunuz çin olsun cənablar..