Ayaz Arabaçı : - Çəkmişəm..

Ədəbiyyat 12:20 / 25.09.2024 Baxış sayı: 633

Çaylar kimi açmamışam

Qucağımı min bulağa,

İllər boyu hisslərimin

Qabağına şərt çəkmişəm..

 

Qoşun-qoşun dalğalardan,

Dərin-dərin yarğanlardan,

Ürəyimin dörd yanına

Sərhəd qurub,sədd çəkmişəm.

 

Gizləmişdi bənövşətək,

Qar altında kollar səni..

Atdı birdən qabağıma,

Tale kimi yollar səni..

Elə duydu,elə çəkdi,

Elə qucdu qollar səni..

Sən ki,gec-tez gələcəkdin,

Bəs mən nədən dərd çəkmişəm.

 

Hardan baxsam günəş doğur ,

Həyatıma,sən tərəfdən..

Heç kim məni qınamasın,

Havalansam bu şərəfdən..

Ömür dolu bir kitabsan-

Endirmişəm qızıl rəfdən.

Gözlərindən əhd tutmuşam,

Sözlərindən vəd çəkmişəm...

 

Allah bilər,mən bilmərəm,

Mükafatsan ya,cəzasan..

Səmalarda başım dönür,

Nə uçaqsan-nə qəzasan.?

Hər günümə bir avtoqraf,

Hər günümə bir imzasan..

Səni könlüm kitabına,

Hamıdan xəlvət çəkmişəm.

 

Bir arxivdə atıb getdim,

Yaşadığım əzabları..

Bir hörümçək toru kimi,

Sökdüm,diddim o sapları..

Borcum yoxdu heç bir kəsə

Qapamışam hesabları..

Sənə qədər olanların,

Üstündən bir xətt çəkmişəm