Ələsgər Əlioğlu : -  OĞLANLAR ƏSGƏR GEDİRLƏR

 

Ədəbiyyat 08:56 / 26.09.2024 Baxış sayı: 470

Qarmon ciyərinə çəkir havanı,

Köksündən "Heyratı" axıb tökülür.

Gedənlər kimlərdir,

İndi gəl tanı,

Hamı da şənlənir, sevinir, gülür...

Həsrətlər doğacaq

Qatarın hayı

Axıb qulaqlara dolduğu anda.

Analar yanılıb bir müddət payı

Artıq çəkəcəklər süfrə başında.

Ələk-vələk edib talvarı, damı,

Nənələr səbətə sovqat düzəcək.

Utancaq kölgələr payız axşamı

Tənha dolanacaq, tənha gəzəcək...

Oğlanar gedirlər,

Qurşağa dönüb,

Sərhədlər boyunca dolanacaqlar.

Qızlar gizli-gizli onları anıb,

Axşam ulduzlara boylanacaqlar...

1972