Tofiq Abdullayev, yazıçı-publisist,AY və AJ-nin üzvü : - Dahi Bülbülü xatırlayarkən

MƏDƏNİYYƏT 08:31 / 25.09.2024 Baxış sayı: 648

                26 sentyabr – Dahi Bülbülün anım günü

                              Kədər içərisində keçən dərs

         ... 1961-ci ildən ən çox yadımda qalan ustad müğənni Bülbülün  vəfat etdiyi gündür.

... O vaxtlar bizim Muradxanlı kəndindən Bakıya ən çox gedib-gələn rəhmətlik Mirzəmməd kişi olardı. Hər dəfə də təzə bir xəbərlə qayıdardı: yəni Bakıda getdiyi teatrlardan, baxdığı tamaşalaradan, xüsusilə də  “Koroğlu”dan, Bülbülün Qıratın belində Koroğlu kimi  nərə çəkməsindən həyəcanla danışardı. Və adətən axşamçağlarında qoyun-quzu qabağına çıxan, mal-qaranın örüşdən gəlməsini gözləyən adamlar Mirzəmməd kişinin başına yığışıb, onun söhbətlərinə  həvəslə qulaq asar, maraqdan yaranan bir istəklə onu sorğu-suala tutardılar. O vaxtlar mən də dövrə vurub dayanan həmin o böyüklərin böyrünə qısılıb onların söhbətlərinə diqqət kəsilərdim. Ən çox da  “Koroğlu” dan, “Leyli –Məcnun”dan, “Vaqif”dən və s. danışılardı.

         Mən Koroğlu və Bülbül sözlərini ilk dəfə uşaq yaşlarımda həmin söhbətlərdən eşitmişdim. Çünki o vaxtlar kəndimizdə tək-tük adamın  evində “daş”la işləyən radio vardı. Sonralar bizim də evimizə  radio çəkildi. Bundan sonra mən Bülbülün bənzərsiz səsini, eləcə də “Koroğlu” operasından parçaları, dahi Üzeyirin ölməz mahnılarını radio dalğalarından eşitməyə başaladım. Elə o vaxtdan Bülbülün səsi, xüsusi avazla oxuduğu mahnılar canıma,  qanıma, duyğularıma hopdu. Mən sözün əsl mənasında o gözəl səsin, bir-birindən gözəl mahnıların sədaları altında böyüyüb yaşa doldum.

... Evimizdə  patefon vardı. Yadımdadır, patefonda oxutmaq üçün atam ilk dəfə Bülbülün vallarını almışdı. Yəni evimizdə gördüyüm  ilk val Bülbülün valı olub.  “Neftçi Qurban”, “Ölkəm”, “Olmazsa olmaz”, “ Gülərəm gülsən” və s. mahnılarını  patefonda tez-tez oxudur, Bülbülün səsini dinləməkdən doymurduq.

... Səkkizinci sinifdə oxuyurduq. Zəng vuruldu. Birinci dərsimiz cəbr idi. Rza müəllim sinfə daxil oldu. Həmişə zəhmli, sərt və ciddi gördüyümüz Rza müəllim bu gün tamamilə başqa cür  görünürdü. O, ötəri salam verib, əlindəki jurnalı stolun üstə qoydu. Əvvəlki günlərdən fərqli olaraq hazır-qayıb aparmadı, dərsi kimin bilib - bilmədiyini də soruşmadı. İlk sözü bu oldu: Bilmirəm,  eşitmisiniz, ya yox,  oxuyan Bülbül rəhmətə gedib...

Səsi titrəyirdi, az qalırdı ağlasın. Dərs dediyi cəbr kitabı kimi sərt olan Rza müəllimdən indiyədək dərsdən, deyərdim ki,  danlaqdan savayı  heç nə eşitməmişdik. Odur ki, ürəyinin bu qədər yumşalmasına təəccüb edirdik. Yerişindən, duruşundan, üz-gözündən zəhm  yağan, həmişə zəng vurulan kimi  sinifdə müntəzir olan, hər dəqiqənin  qədrini bilən, sinfə ayaq qoyar-qoymaz, elə qapının ağzındaca dərsi danışmağa başlayan Rza müəllim həmin gün tanınmaz olmuşdu, bərk kövrəlmişdi. İlk dəfə idi ki, dərs vaxtı kənar mövzudan danışırdı.

O, bu kədərli xəbəri bir də təkrar elədi və sözünə bir anlıq ara verib: Gözəl oxuyurdu, – dedi – doğurdan da  əsil bülbül idi...

Həmin gün cəbr dərsi Bülbüllə başlayıb Bülbüllə də qurtardı. Biz Bülbül haqqında Rza müəllimdən çox şey öyrəndik...

Zaman keçdi. Bülbülün sənətini daha dərindən duymağa başladım. İnsanın varlığına, qəlbinə hakim kəsilən, ən incə, ən zərif duyğuları belə  dilə gətirən  o mahnıları ömrümün bu ahıl çağında  da kövrələ-kövrələ dinləyirəm. Bülbülün böyüklüyünü, Bülbül sənətinin əzəmətini, onun qəlbimə, varlığıma necə hakim kəsildiyini  ifadə edə bilmək mənim üçün  çətindir, çox çətin!

...Dahi Bülbülün 100 illiyinə həsr olunan “Bizm Bülbül – dünyanın Bülbülü” kitabı üçün  yazı hazırlamaq mənə də  qismət oldu. Bu məqsədlə Bülbülün ev muzeyinə getdim. Bülbül haqqında  gözəl xatirələri  onun ömür-gün yoldaşı Adilə xanımın dilindən eşitmək mənim üçün son dərəcə maraqlı idi.

Muzeydəki eksponatların hər biri əsl sənət tarixidir. Dahi müğənni Bülbülün sənət dünyasından, sənət uğurlarından bəhs edən çoxsaylı yazılar, sənədlər, fotoşəkillər, təltiflər,  mükafatlar, təşəkkürnamələr, eləcə də Bülbülün bir vaxtlar çay içdiyi stəkan-nəlbəkidən tutmuş müxtəlif məişət əşyaları... Bütün bunları seyr etdikcə, olub-keçənləri yada saldıqca dərin bir kədərlə köks ötürməkdən, bu  fani dünyanın  vəfasızlığına təəssüflə baş bulamaqdan savayı əlimdən heç nə  gəlmədi.

Elə muzeydəcə xəyalım yenidən kəndimizə – Bülbülün adını  və səsini ilk dəfə eşidib zövq aldığım o uşaqlıq və ilk gənclik çağlarıma qayıtdı...

Bulaq başında görüş

         ...Yaxın dostum Ağakərim  təkcə  istedadlı  memar deyil, həm də  həddən artıq musiqisevəndi. İndinin özündə də  qulağının dibindən radio,  gözünün qabağından  televizor əskik olmur.  Təbi  gələndə şeir də yazır. Yaxşı  rəssamlığı da var. Evlərində hansı divara  baxsan onun çəkdiyi şəkilləri, portretləri görərsən. Yaşı 75-i haqlasa da,  mahnıda deyildiyi kimi, təbi-təravəti cavanlardan  geri qalmır. Deyərdim ki,  bəzi xasiyyətləri ona rəhmətlik  atası Üzeyir kişidən  keçmişdi. Üzeyir kişi həmişə qonaq-qaralı olub. Nə vaxtsa qonağı gələndə,  daha doğrusu  evində bir qonaqlıq verəndə mütləq yaxın dostu olan  sənətkarları – aşıq Şakiri, xanəndə Eynulla Cəbrayılovu, ustad balabançı Həsrəti də  çağırardı. Qonaqlıq az qala toy kimi keçirmiş. Balaca Ağakərim də  bu sənətkarları uşaq yaşlarından görüb tanımışdı...

         Ağakərimin  bir söhbəti mənim üçün gözlənilməz oldu. Sən demə, o, uşaq vaxtı hətta Bülbülü də görübmüş. Bu necə  olmuşdu – deyə ondan soruşdum. Ağakərim maraqlı bir xatirə danışdı. Onun dedikləri Bülbül haqqında  hazırladığım  bu yazı üçün lap göydən- düşmə oldu.

         Ağakərim kişi dedi:  Atam demək olar ki, hər il yayda  İsmayıllıya – Bədo bulağına  dincəlməyə  gedirdi. Nənəmlə məni də  özü ilə aparırdı.  Kürdəmirin istisindən çıxıb Bədoya  gələndə adam özünü o ki var  rahat  hiss edirdi.

         Budəfəki  gedişimiz çox yaddaqalan,maraqlı oldu.  Həmyerlimiz xanəndə Eynulla Cəbrayılov da  bizimlə bir  yerdə idi. Ya 60, ya da 61 – ci illər olardı. Onda  mənim  11-12 yaşım  vardı.

         İstirahətə  gələnlər bir azdan bir yerə  yığışıb nahar eləməyə başladılar. Atamın gətirib kəsdiyi toğlunun dadlı kababı adamları süfrə ətrafına  çağırırdı.  Yemək-içməyin  şirin  yerində gördük ki,  mavi  rəngli bir  “QAZ-21” Volqa maşını gəlir.  Maşın gəlib bir qədər  aralıda dayandı. Maşında sürücüdən başqa bir  nəfər də  vardı. O, maşından düşəndə xanəndə Eynulla Cəbrayılov  cəld yerindən qalxıb: Gələn Bülbül əmidir – dedi. Və  sevincək  halda tez ona yaxınlaşdı. Görüşüb öpüşdülər. Hamı süfrə başından durub Bülbülü qarşılamaq üçün ona tərəf getdi. Bülbül camaatın  gur olduğunu görüb daha da ruhlandı. Maşından qavalı  götürüb  elə oradaca  Koroğlunun o  məşhur mahnısını oxumağa başladı:

         Səni gördüm, aşiq oldum, dərdə saldım canımı,

         Qara qaşlar, işvə-nazlar tökdü nahaq qanımı.

Gözəlim, gəl, halımı sor, rəhm elə,

Nədir əmrin, tacidarım, sərvərim?..

 

         Bülbül  şaqraq səsli  bu   gözəl ifası ilə  hamını  salamladı. Eynulla onun  səhhətini soruşdu. Bülbül cavab  olaraq  dedi: Həkimlər mənə dağ havasını, kükürdlü bulaq  suyunu  məsləhət görüblər. Odur ki, ara-sıra  buralara da gəlib-gedirəm.

         Eynulla ilə atam  Bülbülü süfrəyə dəvət etdilər. Bülbül əvvəllcə  beş-on   addımlıqdakı bulağın başına  enib kükürdlü sudan içdi, əl-üzünü  yuyub süfrənin  ətrafına keçdi.  Bir az yeyib-içəndən sonra çalıb-oxumaq başladı. Yaxşı ki, yaxın kəndlərin birində qarmonçalan  vardı. Maşın göndərib onu  gətirdilər.  Bülbülü eşidib  yaxın  kəndlərdən xeyli adam  gəlmişdi.  Necə deyərlər, əsl konsert başlandı.  Bülbül  gözəl  mahnılarından bir neçəsini  oxudu. O, fasilə verəndə  Eynulla oxuyurdu.

         Beləcə musiqi məclisi xeyli  davam elədi. Artıq hava  qaralmışdı. Bülbül məclis əhlinə  üz tutub getmək istədiyini bildirdi. Camaat Bülbüldən  xahiş elədi ki,  getməyib gecəni qalsın. Amma o, mütləq  gedəcəyini bildirdi. Onu böyük hörmətlə yola saldılar. Eynullanın  isə konserti davam elədi.

         Allah rəhmət eləsin Bülbülə, həmin o günü hər dəfə fəxrlə  xatırlayıram.  Çünki uşaqlıq  illərimdən  yadigar qalan əziz bir xatirədir.

Bu gün biz hamılıqla özümüzü xoşbəxt hesab edirik ki, dahi sənətkarı  onun ana vətəni olan Şuşamızın azad və xoş günlərində xatırlayırıq!

Ruhu şad olsun böyük ustadın!