İSMAYIL İMANZADƏ : -   AYRILIĞIN SONU VARMIŞ...

YAZARLAR 22:15 / 26.09.2024 Baxış sayı: 168

 

Altmışıncı illərin sonlarına yaxın institutu bitirib təyinatla Füzuli rayonunun Bala Bəhmənli kənd orta məktəbində işləməyə başlamışdım. O vaxt hələ iyirmi yaşımın tamam olmasına beş ay qalırdı. Məktəbin direktoru, rəhmətlik Zakir Xanlarov başda olmaqla müəllimlər mənim yeni şəraitə uyğunlaşmağım üçün əllərindən gələni edirdilər. Dörd il şəhər mühitində yaşasam da, utancaq,-bir az da çəkinkən bir şəxs idim. İkinci rübün sonlarına yaxın təşkilatçılıq qabiliyyətim üzə çıxdıqca, həm pedaqoji kollektivin, həm də sadə kənd adamlarının hörmətini qazanmaqda, hamı tərəfindən ehtiram hissiylə qarşılanmaqda idim. O vaxtlar indiki vaxtlardan fərqli olaraq hər bir ailədə qəzet-jurnallar oxunurdu. Cəmisi beş-altı həftənin içərisində kənd sakinləri mənim şairlik qabiliyyətimdən soraq tutdular. Artıq həm kənd camaatının, həm də müəllim və şagirdlərin sevimlisinə çevrilmişdim. İnstitutda oxuduğum illərdə “Kirovabad kommunisti”, “Kolxozçu” (Cəbrayıl), “Ulduz” (səhv etmirəmsə Şəmkir və ya Gədəbəy) rayon qəzetlərində, “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” jurnalında (mart, 1965) şeirlərim dərc olunmuş, Gəncə (Kirovabad) filialında ümidverən gənc yazarlardan biri sayılırdım...

İşlədiyim məktəbdə müəllim və yuxarı sinif şagirdlərinin arzusuyla ədəbi dərnək yaradıb yeniyetmə gəncləri buraya cəlb etdim. Onların bəziləri ilə arabir rayonda çıxan “Araz” qəzetinin nəzdindəki ədəbi məclisdə iştirak etməyə başladım. Son nəticədə o vaxtlar işlədiyim məktəbdə Fəxrəddin Əsədov adlı IX sinif şagirdinin sorağını çoxlarına çatdırdım. Mənim tövsiyyəmlə Nəbi Xəzriyə ünvanladığı şeirləri iki aydan sonra ustad şairin “Uğur olsun, Fəxrəddin” adlı xeyir-duasıyla “Ulduz” jurnalında dərc olundu. Üç ildən sonra rayonumuzda pedaqoji fəaliyyətimi davam etdirməyə başladım...

Son yarım əsrdən artıq müddət ərzində Fəxrəddinlə heç vaxt rastlaşmasam da, arabir onu tanıyanlardan ali məktəbi bitirəndən sonra savadlı bir iqtisadisadçı kimi mühüm vəzifələrdə işlədiyini öyrənəndə sevinsəm də, ədəbi yaradıcılıqdan ayrı düşdüyünə təəssüfləndim...

Bu ilin mart ayında Fəxrəddin Əsədovun sorağını oğlu Qoşqar mənə çatdırdı. Bir aydan sonra isə o, Bakıda yaşayan Nazim adlı cavan bir oğlanla rəhbərlik etdiyim bölməyə gəlib mənimlə görüşdü. Çoxdan bəri tanıdığım, Mingəçevir Dövlət Universitetində müəllim işləyən Məhəmməd müəllim (Nazimin atası) də onlarla birlikdə idi. Kitablarımdan bir neçəsini atasına çatdırmaqçün Qoşqara bağışladım və süfrə arxasında xeyli söhbətləşib ayrıldıq...

Bir həftə qabaq Fəxrəddin zəng edib: “Ayın 25-də Mingəçevirə gələcəyəm”-dedi və dünən saat onbirə yaxın gəlib çıxdı...

İllər ayrısı kimi bir-birimizin boynuna sarıldıq. Keçmiş xatirələri birlikdə çözələdik. Onu ədəbi aləmdən uzaq düşdüyünə görə ərkyanə tərzdə bir az danladım. Ancaq məlum oldu ki arabir yenə də şeir yazır, bununla belə bəlkə də çoxlarının qibtə edəcəyi tərzdə mütaliəsi, yaddaşında iz salan gözəl poetik nümunələr var. Yeri gəlmişkən, Bala Bəhmənlidə Əsədovlar nəsli savadlı insanlar kimi yaddaşlarda is salıb. Fəxrəddinin rəhmətlik atası,-Məhəmməd Füzulinin yaradıcılığına ən məşhur füzulişünaslar qədər bələd olan rəhmətlik atası İbadulla Əsədovun rmənim təyinatımdan bir il sonra işlədiyim məktəbə direktor təyin edilmişdi, əmisi Şəmil Əsədov Azərbaycan Xalq Təsərrüfatı İnstitunda bilikli-savadlı alim kimi tanınmışdı. Əmisi rəhmətlik Məhyəddin müəllimlə iş yoldaşı olmuşdum. Qırğızstanın paytaxtı Bişkek şəhərində uzun illərdən bəri yaşayan, istedadlı ssenarist, incəsənət xadımi kimi məşhurlaşan qardaşı İlham Əsədovla fb-da tanış olub dostlaşmışam. Kənddə bu soyadı daşıyan neçə-neçə gənc, o cümlədən Fəxrəddinin övladları elmə-savada yüksək dəyər verən şəxslər kimi bu gün ailə ənənəsini davam etdirməkdədirlər. Onunla görüşəndə dedim ki əzizim, daha sən o vaxtkı məktəbli, mənsə müəllimin deyiləm. İndi sən məndən beş-altı yaş kiçik qardaşımsan!..

Kür çayının sol sahilindəki istirahət mərkəzlərinin birində yazar dostlarımın bir neçəsinin də iştirak etdikləri məclisdə saatlarla süfrə arxasında oturub söhbətləşdik, Məmməd Mərzili, Elçin Məhərrəm, Nicat Hunalp şeir dedi, Fəxrəddinin yaddaşında iz salan ədəbi nümunələrdən məmnun olduq, Məhəmməd müəllim, Rəşid Rəsulov və qubalı dostumuz İlhamın xeyir-dualarını dinlədik, Qoşqar, övladım İsmayıl səmimi sözlərini beş-üç kəlməylə dilə gətirdilər. Arxada qalan illəri xatirələrimizin bələdçiliyi ilə vərəqlədik. Axşama yaxın istəkli qonaqlarımızla sağollaşıb ayrıldıq. Bircə gecəlik də olsa qalmadıar, evə tələsdiklərini deyib, təzədən Bala Bəhmənli kəndinə qayıtdılar...

Heç demə, ayrılığın da sonu varmış! Keçmiş şagirdim, indisə özümə qardaş bildiyim Fəxrəddin Əsədovun gəlişi bunu bir daha təsdiqlədi. Kaş, bütün ayrılıqların sonu vüsal şirinliyi ilə sonuclanaydı...

 

Mingəçevir şəhəri, 26 sentyabr 2024-cü il

+3

Bütün reaksiyalar:

99