Sona Vəliyeva : - SÖZÜM

Ədəbiyyat 17:08 / 23.09.2024 Baxış sayı: 1194

 

Qoymaz bir kimsədən minnət götürəm,

Ölüm xəbərimi söz yetirəcək.

Oğuldan, uşaqdan, dostlardan qabaq

Mənim cənazəmə sözüm girəcək.

 

Zəif misralarım, yarımçıq şeirim

Südəmər körpətək durmaz, ağlayar.

Dərd-sərdən balamın səsi batanda

Sözüm qızım olar, məni oxşayar.

 

Deyər “yad ağlayar, yalan ağlayar”,

Oxşayar doğmadan doğmatək məni.

Qəlbimin əkizi vəfalı sözüm

Ölümü öldürüb yaşadar məni.

 

Gedərəm nigaran olan-qalannan,

Qalar min dodaqda, dildə sözlərim.

Mənsiz darıxanda çiçəyə dönüb

Döşənər qəbrimin üstə sözlərim.

 

Qalacaq ruhumun yükü sözümdə,

O, məndən doymadı, doymadım ondan.

Mən “Ol”la gəlmişdim, “Öl”lə gedirəm,

Yaşamaq ümidim başlayar sonda .

I