Vaqif Yusiflinin «Məmməd Araz dünyası»

YAZARLAR 08:50 / 26.09.2024 Baxış sayı: 403

 

 

Təkcə Azərbaycanın yox, eləcə də bütün türk dünyasının və poeziya aləminin parlaq və sönməyən ulduzlarından biri olan əbədiyaşar   xalq  şair Məmməd Araz poeziyası bütün zamanların fövqündədir. Ona görə də həmişə aranır, axtarılır və həmişə də diqqət mərkəzində öz yerini qoruyub saxlayır. Ona görə də unudulmaz şairimizin yaradıcılığı təkcə poeziya həvəskarlarının deyil, eləcə də sözə, sənətə qiymət verən müxtəlif ixtisas sahiblərinin üz tutduğu ünvan olubdur.

Onun şeir və poemalarını araşdıran, tətbiq edən ayrı-ayrı alimlərimizin, sənətşünaslarımızın və bütövlükdə ziyalılarımızın əsərlərində Məmməd Araz sanki dünyaya yenidən gəlir, yenidən doğulur. Çünki o araşdırmalar, o tədqiqat işləri onun görünməyən tərəflərini bizə çatdırır, bizlərin bəzən hiss etmədiyimiz fikir qatlarını qarşımızda sərgiləyir.

Bugünlərdə dəyərli ədəbiyyatşünas alimimiz, filologiya elmləri doktoru, professor Vaqif Yusifli mənə bir kitab bağışladı və bu kitaba konkret, amma son dərəcə səmimi bir avtoqraf yazdı: «Əziz dostum Əbülfətə. 20.09.2024». Mən çox böyük məmnunluq hissi ilə bu kitabı ondan qəbul etdim. Çünki həm kitabın özü, həm onun sözü, həm də təqdim edəni mənim üçün çox dəyərlidi. Kitab xalq şairi Məmməd Arazın söz dünyasına, özəl dünyasına həsr olunmuşdu və professor Vaqif Yusifli kitabı «Məmməd Araz dünyası» (Həyat və yaradıcılığı) adlandırıb.

Bəri başdan vurğulayım ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 24 iyun 2024-cü il tarixli qərarı ilə çap olunan bu kitabın elmi redaktoru, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, ön sözün müəllifi, AMEA-nın müxbir üzvü, mərhum alimimiz Yaşar Qarayev, rəyçiləri filologiya elmləri doktoru Yaşar Qasımbəyli və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır.

Mən kitabla tanış olduqca Vaqif Yusiflinin Məmməd Araz yaradıcılığına  sonsuz  sevgisinə  və  bu qədər yaxından bələd olmasına heyran qaldım. Demək olar ki, hörmətli professorumuzun diqqətindən Məmməd Arazın həyat və yaradıcılığını heç bir məqamı yayınmayıbdır. Ona görə də kitabın ayrı-ayrı fəsillərində təkrarçılıqdan əsər-əlamət yoxdur. Bir özəl sevgi ilə Məmməd Araz dünyasını vərəqləyən müəllif oxucuya Məmməd Arazın həyatının və yaradıcılığının sanki coğrafiyasını təqdim edir. Onun Nurs kəndindən başlayan ömür yolunun hər bir dayanacağında, hər bir döngəsində nələrdən keçdiyini, nələri böyük ədəbiyyata hopdurduğunu çox səlis və həzin bir şəkildə oxucuya pıçıldayır. Elə bilirsən ki, kitabı oxumursan. Sadəcə Vaqif Yusiflinin Məmməd Arazla bağlı söhbətini dinləyirsən.

Kitaba əlavə olunmuş albomun «Məmməd Araz ömrü fotolarda» adlandırılması da çox təqdirəlayiq və hətta möhtəşəmdir. Bu albomdan öncə müəllifin öz fikirlərinin nöqtəsi kimi yazdığı «Fantaziya-final»  məqaləsi təkcə xalq şairinin həyat və yaradıcılığına yox, hətta onun söz dünyasının zirvəsinə sancdığı bayrağın özü kimi bir təsir bağışlayır. Yəni bu poeziyada Məmməd Arazın qələbəsinə bir işarədi. Professor Vaqif Yusifli bu finalla bizə çatdırır ki, unudulmaz şairimiz əbədiyyəti fəth edərək o zirvəyə  bayrağını sancdı.

Mən bir oxucu olaraq çox böyük maraqla nəzərdən keçirdiyim kitab barəsində, yəni «Məmməd Araz dünyası» haqqında bir ilıq düşüncəmi oxuculara çatdırdım. İstədim ki, bu kitab barəsində hər kəsin xəbəri olsun. Çünki həqiqətən Məmməd Araz ruhuna, sözünə layiq kitabdır. Son olaraq dəyərli dostum, çox hörmətli professorumuz Vaqif Yusiflini bu möhtəşəm kitab münasibətilə ürəkdən təbrik edirəm.

 

                                                                                                      Əbülfət MƏDƏTOĞLU