Hamıdan, hər kəsdən yaxındakı SƏN - yazdı Əbülfət MƏDƏTOĞLU

YAZARLAR 08:00 / 25.09.2024 Baxış sayı: 650

 

 

Birlikdə olsaq da, SƏN məni görmürsən…

 

Çox qəribədir. Və bu qəribəliyin də ən sirli məqamı odur ki, ondan baş aça bilmirəm. Yəni bilirəm ki, qəribədi. Bu qəribəlik də ondadır ki, hara getsəm ordasan, hara baxsam ordasan, nəyi düşünsəm ordasan, nəyi xatırlasam ordasan. Deməli, bütün hallarda, bütün məqamlarda gözümün önündəsən, qarşımdasan. Amma bu necə olur? Nədən yaranır? Nəyi ifadə edir? Ümumiyyətlə, bunun anlamı nədədir?

Bax, dediyim qəribəliyin sirli tərəfi, sirli nöqtəsi bu suallardadı. Çünki bütün bunları mən görürəm, mən yaşayıram. Amma sən biganəsən. Və bu biganəliyin qanadlarında özün üçün, öz rahatlığın üçün, istədiyin kimi yaşayırsan. Mən də çox, öz də lap çox istəyirəm ki, sən elə istədiyin kimi yaşayasan! Sadəcə məni də görəsən, mənim də varlığımı hiss edəsən. Ən azından var olduğumu xatırlayasan. Və biləsən ki, nə olur olsun, onun hər yerində, hər guşəsində  ömür payım, yaşamaq qismətimi Sənə qurban etməyə  razıyam. Yalnız ona görə ki, səni görə bilim, səni özümlə apardığım hər yerdə də  sənin rahatlığını təmin edə bilim. Sən mən olduğumu və mənim də səndə olduğunu qəbul edəsən. Və onda biləcəksən ki:

 

Bir qələmdi, bir dəftərdi, bir də söz

Dili-dodaqdı, bir ürəkdi, bir də söz…

Bir baxışdı…nə gərəkdi burda söz –

Həm pərvanən, həm dəlinəm mən sənin!

 

Bir Allahdı, bir Mələkdi, bir bəndə

Allah bilir, Mələk görür, kür bəndə…

Ümid qalır deyəcəyim bir fəndə –

Pərvanənəm, həmdəminəm mən sənin!

 

Həsrət xəncər – ürəyimə soxulur

Bəzən olur sözüm sözə toxunur…

Ahlarım da şeir kimi oxunur –

Sevincinəm, həm qəminəm mən sənin…

 

Havadadı ümidimin əlləri,

Saçlarında hiss olunur əl vəri!

Möcüzəydi bu sevginin əvvəli –

Ona görə hər dəminəm mən sənin!

 

Bu misralarda pıçıldadıqlarım özümün özümlə, özümün Allahla, özümün Səninlə  xəyalən  etdiyim söhbətin əks-sədasıdı. İstəyirsən inan, istəyirsən inanma. Seçim sənindi. Bütün hallarda mən «ancaq O» deyəndə, səni düşünürəm, sənlə söhbət edirəm. Və bilirəm ki, o söhbətin ikinci iştirakçısı Allahdır və mənim nə dediyimi, necə dediyimi dinləyən Allahım könlümə təpər, duyğularıma qol-qanad verir. Həmin o təpərlə, həmin o qol-qanadla sənə sığınmağa, sənə pənah gətirməyə tələsirəm. Elə bilmə ki, bu, bir xoşa gəlmək, diqqət çəkmək üçün edilən söhbətdi, yazılan yazıdı. Yox, əsla!

Hər kəs öz yarısını axtardığı dünyada tapmaq xoşbəxtliyinin sorağındadı. Təəssüf ki, o xoşbəxtlik Məcnuna da nəsib olmayıb. O ana qədər ki, ruhlar qovuşub. Deməli, dünyanın bütün  Məcnunlarından və Leylilərindən önəmli olan bir aşiq varsa, o da Allah bilir ki, özüməm. Bir məşuq varsa, yenə Allah bilir ki, o da sənsən. Belə olduğu halda yaşananlar, yaşadılanlar, nə qədər ağrılı-acılı olsa da, ürək sındırmır, əzab vermir. Adamı özündən, sözündən bezdirmir, gözünü yoldan yığmır. Çünki bütün bunları bağışlayan, vücudun ən böyük enerjisinə, gücünə, istəyinə çevirən ilahi varlıq səni tək qoymur. Bax, onda nə qədər yuxusuz qalsam da, nə qədər fikir girdabında günü axşam eləsən də, yenə bilirsən ki, gözləntin var, gözləyənin var, səni düşünən, səninlə ruhən birlikdə olan var. Bax, onda danışan şəkillərə qulaq asmaq, görüş yerlərini yaddaşında təzələmək adama əl uzadır. Tutub o əldən darıxdığın ünvana tələsirsən. Tələsə-tələsə də pıçıldayırsan:

 

Dünyanı dolaşmaq – xəyalda bir an,

Dörd tərəf ovcumun içindən baxır…

Özünü bəbəkdən üzümə vuran –

Mənim yanağıma içimdən axır…

Yaman darıxıram, yaman…

 

İsmarıc, ya bir zəng, ya elə qəfil

Adından üstümə düşən bir gilə…

Məni səfil edib həsrətim, səfil –

Bunu demirəm ki, tay elə-belə…

Yaman darıxıram, yaman…

 

Tanrı qucaq açmır, yer də ki, yaxa

Yoruldum ahları körpü etməkdən…

Dörd divar içində, göz baxa-baxa –

Ancaq danışıram çıxıb getməkdən…

Yaman darıxıram, yaman…

 

Əlimdən tutanım xatirələrdi,

Dərgahda olanlar yuxuma gəlir…

Mənim məhəbbətim şeh kimi tərdi –

Qayıdır üstümə -yaxına gəlir…

Yaman darıxıram, yaman…

 

Allahla söhbətə gücüm, nə də ki,

Üzüm yox, sevgini – Allah bilmişəm…

Kəpənək tozuymuş demək əldəki –

Onu da çırpmışam, ya da silmişəm…

Yaman darıxıram, yaman…

 

Bu qədər tənhalıq, bu qədər sitəm –

Sarvansız karvanlar yükündən ağır…

Tay dərə boyunca çalınmış fitəm –

Darıxdın, bircə yol adımı çağır…

Yaman darıxıram, yaman…

 

Mən darıxdığım və özü də yaman darıxdığım bu günlərdə yarpaq tökümü ruhuma bir həzinlik gətirir. Elə bil ki, payız tökülən yarpaqlarla mənə nəyisə nişan verir, nəyisə xatırladır… Bilmirəm, bu, belədir, yoxsa yox. Lakin bildiyim bir məqam var – Ömrün payızı qaçılmazdı! Heç kim ondan qaça bilməyib, qaça da bilməyəcək.. Sadəcə bütün fəsillərin özəlliklərini düşünüb payıza da könül vermək lazımdı. Qəbul etmək lazımdır ki, bu qaçılmaz olan payız saralan yarpaqları bəzən bir-bir, bəzən də bir küləyin gücü ilə də sirkələyib tökür. Bu mənada insan ömrünün payızı qəzadan, təbii fəlakətdən kaş ki həmişə uzaq olsun. Amma tək-tək yarpaq tökümünü qol açıb qarşılamaq ,əvvəldə dediyim kimi,  «Ol»-dan «Öl»-ə gələn yolun sonudur. Necə deyərlər, bütün yollar məhz ora gedir, ora yönəlibdir.

İndi payızı xatırlatmaq istəyi sənə nəyisə demək, nəyisə andırmaq amacından irəli gəlmir. Məqsədim sadəcə olaraq zamanı diqqətə çatdırmaqdı. Boşuna xərcələnən, səpilən günləri, ayları dilə gətirməkdi. Bu mənim əqidəmə, mənim inancıma görə israfçılıq deyil, bu, həm də halal bir sevgiyə vurulan zərbədir. Bir-birindən uzaq durmaq, laqeydlik, etinasızlıq göstərmək, içindəkini elə içindəcə boğmağa cəhd etmək bağışlanılmazdır, hətta günahdır. Yenə təkrar edirəm, Allahın verdiyi sevgini bilərəkdən dəf və dəfn etmək bəndəyə başucalığı gətirməz. Ona görə ki, bu, həm də Allaha qarşı çıxmaqdı… Nə isə…

İndi pəncərədən boylanıram. Tökülən yarpaqlarla ölən günlərimi yanaşı tuturam. Onların bir-birinə nə qədər oxşadığının fərqinə varıram. Hardasa qulağıma bir səs gəlir:

 

Elə bilmə uzaqdayam, duymuram –

Darıxanda adımı çək, gələcəm!

Mən adını söyləməkdən doymuram –

Çağıranda adımla tək gələcəm!

 

Fərq eləmir keçəcəyim yol, cığır

Bəllidir ki, buluddan da gün çıxır.

Görsən səni hansısa fikir sıxır –

Bəs eləyir bir dənə  zəng, gələcəm!

 

Gördüm səndə mənasını həyatın,

Bu gün üçün nə doğmanam, nə yadın!

Əbülfətə Qiblə olan tək Qadın –

Sevgisini könlünə ək, gələcəm!

 

Bəli, mən bu yazını yazdığım anda üzümü yenə sənə tutmuşdum…yenə səninlə danışırdım…hətta nəfəsini də duyurdum…saçlarını da görürdüm…gözlərini də… baxışlarınla sığallayırdım onları. Bəs sən? Görürdünmü məni…hiss edirdinmi?..