Əlisəfa Azayev : - Cənnət adamı!..

Gündəm 16:19 / 26.09.2024 Baxış sayı: 283

Ağanın şəklini internetdə görəndə həm sevinc, həm də hədsiz kədər içində idim. Sevinirdim ki, uzun illərdən – iyirmi dörd illik müddətdən sonra Ulu Öndərimiz Heydər Əliyev haqqında yazdığım "Qarlı zirvə" romanı əsl mənada öz qiymətini aldı. Milli Elmlər Akademiyasının yüksək kürsüsündən onun haqqında xoş sözlər deyildi. Özü də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən. Həmin məruzə "Ədəbiyyat" qəzetinin 13 iyul 2024-cü il tarixli nömrəsində dərc olunub. Mənim romanım barədə deyilənlər isə bunlardır: "İl ərzində görkəmli dövlət xadimi Heydər Əliyev haqqında dərc olunmuş ədəbi axtarışların nəticəsi olan qiymətli bədii əsərlər də meydana çıxmışdır. Əlisəfa Azayevin "Qarlı zirvə" romanında Ulu Öndər Heydər Əliyevin mübarizələrlə dolu keşməkeşli ömür yolu aydın və obyektiv yazıçı baxışı vasitəsilə işıqlandırılmışdır. Müəllif imkan daxilində mövzunun aktuallığı ilə bədiilik amilini paralel olaraq qoruyub saxlamışdır".

Kədərli idim ona görə ki, kiçik qızım Aytənin qayınatası Rafiq dənizdə – Neft Daşlarında iş yerində – aqreqatın yanındakı partlayış nəticəsində yanmış, dünyasını dəyişmişdi. Hadisə o qədər qəfləti, sarsıdıcı, gözlənilməz olmuşdu ki... Onu gecə ilə vertolyola Zabrata gətirib, oradan dərhal Siyəzənə gətirirərək, həmin gecə saat üç-dörd radələrində də dəfn etmişdilər.

Bu ağır hadisəni eşidib, tez-tələsik gəlsək də, dəfndə iştirak edə bilməmişdik. Bu da bir üzüntü oldu bizim üçün...

Mən heç vaxt Ağanı, bu gözəl, nurlu adamı həyatda görməmişdim. İlahi işidi, bəlkə, hansısa yerdə, məclisdə üz-üzə gəlmişik, salamlaşmışıq. Ancaq tanımadığım üçün kimliyindən xəbərsiz olmuşam.

Şəkilini internetdə, feysbukda görəndə tez qızım Leylaya dedim ki, bu kişi üçün bir "Allah rəhmət eləsin" yaz. O da dərhal yazdı. Açığımən bu işlərdə bir qədər təcrübəsiz, səriştəsizəm. Mənim yazılarımı daha çox elə gəlinim yazır. Bu gün də Gəncədə doğmaları yanında idi. Biz də ki, Kürdəmirdəki evimizdə deyildik axı.

Mən sonradan yazıya baxanda "eləsin" sözünün "e" hərfi ilə yazıldığını görüb, qızıma sərtləndim:

- Adını da müəllimə qoymusan, ali təhsillisən. Bu nə yazıdı yazmısan, "ə" hərfi ilə "e"ni fərqləndirə bilmirsən?!

Leyla dərhal and-aman elədi:

- Yox, ata... Bir səbirli ol...

- Necə səbirli olum ey? İndi onu bütün dünya oxudu. Yəqin, deyiblər ki, bunu hansı kəmsavad yazıb.

Leyla məni sakitləşdirə-sakitləşirdirə dedi:

- Təcrübəlilər heç vaxt belə deməz. Bilirlər ki, ingilis dilində "ə" hərfi yoxdur. Sənin telefonunda belədi də. Özün də bir bax. Hələ tam qaydasında deyil axı telefonun.

Bu an diqqətimi həmin şəkil, yazı ilə əlaqədar Ağanın ünvanına yazılmış xoş sözlər içində öz yazım cəlb etdi. Bir də Hürü Şirinova adlı şəxsin razılıq ifadə edən sözləri. Bu an istər-istəməz pıçıldadım, dilləndim:

- Ay... Bir işə bax... Gör bu kişi kimin atası imiş...

Qızım narahat halda mənə yaxınlaşdı:

- Sənə nə olub ki?! Kimin?

- ...

- A kişi, səninlə deyiləm?!

- ...

- İnsafın olsun da!.. Bir dillənsənə!

Mən ona əlimlə sakit olmasını işarə edərək dedim:

- Heç bilmirəm bunu sənə necə deyim?

- De də... Daha ürəyimizi üzmə...

- Hürü xanımın...

Qızım heyrətləndi:

- Hürü xanım kimdi?..

- Hürü Şirinova... İmişli rayon Mərkəzi Kitabxanasının direktorudu.

- Belə de...

- Bu kişi də onun atasının şəklidi.

- Çox yaxşı... Daha buna görə bu qədər həyəcanlanmaq, narahat olmaq niyə?..

Mən sanki özümə haqq qazandırmağa çalışdım:

- Bilirsən, bəlkə də, həyatımda ilk dəfədi ki, tanımadan, bilmədən, dünyasını dəyişmiş şəxsə rəhmət dilədim...

- ...

- Bilirsən... Kişinin üzü, siması o qədər nurlu idi ki, sanki mən onu müqəddəslərə bənzətdim.

- Bəlkə də...

- Yox, həqiqətən də, belədi... İnsanın şəkli, baxışları az-çox onun bütün varlığından, simasından xəbər verir axı.

- ...

- Bu kişini də elə bil ki, haradasa görmüşdüm. Öz mənəvi borcumu yerinə yetirmək istədim.

- Yazıçısan da...

- Söhbət yazıçılıqda deyil...

- Bəlkə də, həyatda elə məsələlər var ki, biz onları duysaq da, bir o qədər hiss etmirik. İndi bu kişi də... Onun nurlu siması, şirin çöhrəsi, müqəddəsləri xatırladan geyim-keçimi sanki bir anlığa məni bələd olmadığım, mənə naməlum olan bir xəyal aləminə apardı. Mən orada o xurama papağı, din xadimlərinə məxsus arxalığı, geyimi az-çox görsəm, hiss etsəm də, daha çox təsbeh səsini, mirvari dənələrinin şaqqıltısını eşidirdim.

Sanki bura əl çatmaz, ün yetməz ölülər, ruhlar dünyası idi. Burada o xoş simalı Ağa ilə neçə-neçə igid balamız yatırdı. Hər birinin dilində, gur səsində, hayqırtısında "Qarabağ!", "Şuşa!", "Xankəndi!" kəlməsi, sözləri... Zəfər nəğməmiz isə çağlayırdı...

Bəli, dilimizdə, əməlimizdə Ulu Öndər Heydər Əliyev siyasəti, xətti, başımızın üstündə üçrəngli al bayrağımızla yanaşı dayanmış Prezidentimiz İlham Əliyev – Ali Baş Komandanımız biz son illər nələrə nail olmadıq?! Otuz illik ağrılı-acılı, qaysaq bağlamış yaranı qoparıb, sağaltmaqdayıq! Qarabağımız, Şuşamız, Xankəndimiz azaddır!

Sən də rahat yat o torpaqda, Ağa, təzə tikdirdiyi ikimərtəbəli evə bu həftə köçmək istəyən, nə vaxtdan nişanlı qalan oğluna bu ay toy etmək istəyən, o yanmış, yaralı qəlbli Rafiq də! Həyatdı, heç nəyi bilmək olmur. Tale bizimlə bilmədiyimiz, bələd olmadığımız qaydalarla oyun oynayır.

2010-cu ildə Bakı-Quba yolunun "Nasosnu" deyilən hissəsində ağır avtoqəzaya düşdük. Nabrandan gələn bir əhli-kef birini vurub, idarəetməni itirərək gəlib bizim maşına çırpıldı. Yüz səksən sürətlə! Yazıq piyada yerində qalmış, mən də gözlərimi açanda özümü qara torpaq üstə uzadılmış gördüm. Bu an sevincək bir qadının səsin eşitdim: "Ayıldı, ayıldı!.. Şükürlər olsun ki, ayıldı!.." O qadın, xanım kim idi?! Bu sətirləri oxuyacaqsa, səsimə səs versin. Onu dünyanın ən xeyirxah insanı bilirəm. Məni ayıltmaq üçün necə də səs-küy salmış, çalışmışdı...

Bax bu səbəbdən çanaq oynaqlarım yerindən oynamış, əzimiş halda iki ay 1 saylı Klinik Mərkəzdə – Semaşkoda ayaqlarım mildə, arxası üstə qalaraq müalicə olundum. Bir dəfə cavan bir gəlinin mənə baxaraq ağladığını gördüm. Həyat yoldaşıma deyib: "Atam da bu vəziyyətdə idi. Dözmədi... Elə çarpayıdaca dünyasını dəyişdi..."

İndi odur ki bu qəzanın fəsadlarını hiss edir. Vaxtında ona əlillik dərəcəsi vermək istəsələr də, razılaşmadı. Cərrah dedi: "Bu puldu axı". "Olsun da" dedi... İmişlidə, Səyyad Aran qardaşımızın 70 illik yubileyi tədbirində ona da söz veriləndə böyük zalın yuxarı hissəsinə necə qalxacağını fikirləşdi. Düzdü, ora Anar müəllim də çıxış etmək üçün qalxdı. Ancaq ona müəyyən qədər kömək edən oldu. Tədbiri Səyyad Aran yuxarıda ikilikdə əyləşmiş Rəşad Məcid aparırdı. Mədəniyyət Mərkəzinin geniş zalında beş yüzdən çox adam olardı. İçəri dolu idi.

Rayon rəhbərliyinin də təmsil olunduğu bu tədbirdə akademik İsa Həbibbəyli başda olmaqla çox üzdə olan ziyalılarımız, alimlərimiz, yazarlarımız iştirak edirdilər. Söz mənə verildi. Yubilyarı təbrik edəndə dedi:

- Hörmətli Səyyad müəllim! Siz gözəl yazıçıdan, siyasətçidən əlavə, həm də Milli Məclisimizin ikinci çağırış deputatı olmusunuz axı. İndi də Respublika Dini Qurumlarının sədr müavinisiniz.

- ...

- Mənə elə gəlir ki, səhərdir... Doğmaqda olan Günəşin al şəfəqləri fonunda Ulu Öndərimiz Heydər Əliyev sizi salamlayır, təbrik edir, soruşur: "Necəsiniz?" Bir də deyir ki: "Çox sağ ol, Səyyad! Sən mandat satanlardan, mandat girov qoyanlardan olmadın!.."

Bu an zaldan gur alqış qopdu. Onu xeyli alqışladılar. Səyyad müəllimi bir daha təbrik edərək, İmişli ziyalılarına göstərdiyi qayğı, dəstək üçün ona minnətdarlığını bildirdi.

Çox qəribədi ki, neçə il – ikisonra bunu Dini Qurumlarda olanda Səyyad müəllimə xatırladanda, xatırlamadığını dedi. Əlacsız qalıb ona şəkil göstərəsi oldu. Nə əcəb çıxış edəndə orada onun şəkli çəkilibmiş. Elə Səyyad müəllimin öz portreti fonunda.

Bütün bunları yazmaqda az-çox məqsədim var. Həmin tədbirdən bir qədər əvvəl İmişli rayon Mərkəzi Kitabxanasında olanda təzə direktorla tanış oldu. İlk baxışdan ona yaxşı təsir bağışladı. Hətta söhbət zamanı "Gecəyarı sui-qəsd" kitabımı oxuduğunu, mənimlə görüş keçirəcəklərini dedi. Hətta məndən telefon nömrəsini alanda dedim:

- Verim... Ancaq məndən o qədər beləcə telefon nömrəsi alıblar ki... Görüş isə olmayıb.

Xanım təsirlənmiş halda dedi:

- Yox... Belə iş olar?!. Niyə olmur ki?!.

- Görək də...

Yubiley tədbirindəki belə çıxışımdan sonra isə belə görüşün keçiriləcəyinə qəti ümidli deyildim. Ancaq bir gün belə bir görüşün olacağını, sədasını, keçiriləcək vaxtını eşitdim. Telefonla Hürü xanım Şirinovaya minnətdarlıq elədim.

İmişliyə gələndə dəvətlilər arasında bir vaxtlar Səyyad Aranın yubiley tədbirlərində Heydər Əliyev obrazını səhnədə canlandıran mədəniyyət işçisi də vardı. Xeyli şirin söhbətimiz oldu. Mədəniyyət işçiləri, xüsusilə gənc qızlar bu tədbirdə xüsusi fəallıq göstərdilər. Çıxış edəndə Hürü xanım onun yaradıcılığı barədə xoş sözlər dedi.

Məndə tədbirdən sonra ev sahiblərinə əziyyət vermək adət deyil. Ancaq bu dəfə belə olmadı. Təkid etdilər. Xüsusilə Hürü Şirinova. İnanın, hələ onda hiss elədi ki, bu xanımda başqalarında olmayan bir mədəniyyət, alicənablıq, qayğıkeşlik var. Sanki o, hansısa nəsillikcə sürülüb gələn bir ailə istək və arzularını, qonaqpərvərliyini yaşadır.

Ağanın şəklinə baxanda, onun Hürü Şirinovanın atası olduğunu biləndə, istər-istəməz pıçıldadı: "Bu elə belə də olmalı imiş... Belə atanın belə də qızı olar... Halal olsun ona... O çıxışdan sonra bir başqası çətin onunla İmişlidə görüş təşkil edib keçirərdi... Necə ki, başqa rayonların bəzisində elə belədi... Ehtiyatlanırlar, Regional İdarənin razılığını, İcra Hakimiyyətinin müvafiq şöbəsi ilə razılaşma istəyirlər..."

Bəli, Ağa bütün siması ilə müqəddəslərə yaxın, cənnət adamı təsiri bağışlayır. Otuzuncu ilin qalmaqallı bir vaxtında dünyaya gəlsə də, 2014-cü ilin bir qədər nisgilli vaxtında dünyasını dəyişmişdir. Ancaq sözsüz ki, indi o da ruhən şaddır, otuz ildən sonra üzümüz gülür, "Qarabağ, Şuşa bizimdir!..""Xankəndində üçrəngli al bayrağımz məğrurcasına dalğalanır!.." deyirik.

Bəli, Hürü xanım, yazdığınız kimi atanızın məzarı nurla dolsun! Həqiqi mənada belə insanlar evdən yox, eldən gedirlər. Nəinki sağlıqlarında, dünyalarını dəyişəndən sonra da unudulmur, daim xatırlanır, insanların həyatında, gələcək inkişaflarında müstəsna rol oynayırlar!.. Bu, əsl mənada nəsillərin qızıl bağı, zənciridi!.. Fəxr etməyə haqqınız var ki, belə xeyirxah, alicənab, cənnət adamına oxşayan atanız olub!..