Aşıq Fərman

MƏDƏNİYYƏT 13:58 / 24.09.2024 Baxış sayı: 814

 

Qasımov Fərman Həsən oğlu 1904-cü ildə Qaryagin qəzasının Pirəhmədli kəndində (indiki Füzuli rayonunun Pirəhmədli kəndi) anadan olub. İbtidai təhsil alıb. Dövrünün savadlı şəxsi kimi tanınıb. Əkinçilik və maldarlıqla məşğul idi. Aşıq sənətinə böyük maraq göstərib. Həm də tale ona məlahətli səs bəxş edib. Usta yanına gedərək yastı balaban, qara zurna və qarmonda çalmağı mükəmməl öyrənib. 

1941-ci ildə alman faşizminə qarşı döyüşlərə səfərbər olunub və bir sıra döyüşlərdə iştirak edib. Ağır döyüşlərin birində almanlara əsir düşüb. O, dörd il Fransanın Lion şəhərində əsirlik həyatı yaşayıb. Əsirlikdən qayıtdıqdan sonra Sibirə sürgün edilib və 11 il sürgündə olub.. Fərman Qasımov Sibirdə Dusya adlı dul qadınla ailə qurub. Bu kəbindən Mehman və Salman adlı oğulları dünyaya gəlib. Birinci  nigahdan Dusyanın Maya adlı bir qızı da olub. Sürgünlük müddəti bitdikdən sonra həyat yoldaşını, onun qızı Mayanı və oğlanlarını da götürüb vətənə qayıdıb. Lakin o dövrün mənfur qaydalarına görə Fərman Qasımov doğma kəndinə buraxılmayıb. O, 6 il də Hadrut rayonunda yaşamağa məcbur olub. Burada Mayanın rus dilində təhsil almasına şərait yaradılıb. Maya orta məktəbi bitirdikdən sonra inistitutut təhsili alıb və rus dili müəllimi kimi pedaqoji fəaliyyət göstərib. Aşıq Fərmən Maya xanıma milli adətimizlə toy edib. Onu öz doğma övladlarından seçməyib.

Doğma kəndinə qayıtdıqdan sonra aşıqlıq sənətini davam etdirib. Qozluçay dərəsində, eləcə də ətraf kəndlərində toy mərasimini, el şənliklərini məharətlə yola verib. Onun oxuduğu xalq mahnıları alqışlarla qarşılanıb. Yastı balabanda, qara zurnada, yeri düşəndə isə qarmonda ifa etdiyi xalq rəqsləri məclisləri daha da rövnəqləndirib. O, respublika və beynəlxalq səviyyəli musiqi festivallarında iştirak edib. Əməyi orden və medallarla, döş nişanları və fəxri fərmanlarla, eləcə də qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Aşıq Fərman həm də alicənab, səxavətli və mərhəmətli bir şəxs olub. Tanıyanlar deyirlər ki, Aşıq Fərman əlsizə-ayaqsıza pasiban olur, imkansızlara dayaq durur, ac qarınları doydururdu. O, ehtiyacı olanlara maddi köməyini əsirgəməzdi...

...Bir dəfə qatarla Bakıdan qayıdan Fərman kişi qatarda Ərzullah adlı kiçik yaşlı bir kimsəsiz uşağın ağladığını görür. Onu özü ilə bərabər evinə gətirir. Onu böyüdür, təhsil almağa kömək edir, sonra isə ona 3 gün-3 gecə toy edib ev-eşik sahibi eləyir.

O zaman müharibədən yeni çıxmış ölkədə kasıblıq, aclıq və yoxsulluq hökm sürürdü. Belə bir şəraitdə kimsəsiz uşaqlar, eləcə də aztəminatlı ailələrin oğlan uşaqlarının kiçik toylarını da Aşıq Fərman öz maddi vəsaiti hesabına həyata keçirmiş, çoxlu sayda oğlan uşaqlarının kirvəsi olmuşdu. Bu uşaqların çoxu böyüyüb ev-eşik sahibi olanda, hörmət əlaməti olaraq öz oğlan övladlarına Aşıq Fərmanın adını qoymuşlar.

Aşıq Fərman belə kişi olub!

P.S. Bu məlumatı bizə çatdırdıqlarına görə Aşıq Fərmanın nəvələri Sərdar, Elşən və Muğan bəyə təşəkkür borcumuz var.  

Faiq Şükürbəyli,

filologiya üzrə fəlsəfə doktoru