İlahə SƏFƏRZADƏ : - “Bir ovuc kədər”də sevgi
Faiq Balabəylinin şeirlər kitabı “Bir ovuc kədər”in sevgisi haqqında danışmaq istəyirəm. Sosial şəbəkələrdən onun yaradıcılığı ilə çoxdan tanışlığım olsa da kitabını son günlərdə oxudum. Və kitabın adında hər nə qədər kədər ifadə olunsa da bu qəm şairin həyata olan sevgisindən doğulur. Vətənə, insana, yaradılışa, yurda, kəndə, obaya, dünyaya –bir sözlə, bütün kainata olan sevgi “Bir ovuc kədər”in içində cəm olsa da bura düşüncələrin gözəl şəkildə bir-biriylə ahəng qurduğu, xəyalların sərhəd tanımadığı bir kainatdır. Şairin dünyasında yaranıb püxtələşən şeir kəlimələrin ruhla rəqs etdiyi, həyatın ritmini və dərin mənalarını ifadə edən sənətdir. Bir vaxtlar Oskar Uayld demişdi: “Şairlər həyatın içində gördüyümüzdən daha çoxunu görür və onu öz sözləri ilə tablo yaradırcasına vəsf edirlər.” Vətənin ürək açan, könül oxşayan mənzərəsini, insan məhəbbətinin dərinliyini, ana sevgisini, doğma yurda, sevdiyi insana olan məhəbbəti ifadə edərkən o sanki həm də bir rəssam, qələmi isə fırçasıdır.
Mən səni belə oxşadım –
Üzümü hər gün sürtdüyüm
Bu daş divarlar qədər,
Bu yaş divarlar qədər...
Heç nəyi belə oxşamadım,
elə əzizləmədim...
***
Heç yana boylanmadım...
Bu divardan o yana,
Heç boyum da çatmadı.
Divarın o üzünə ürəyim də yatmadı...
Vətən şairin ruhunun dərinliklərində səslənən bir melodiya, ona olan sevgisi və bağlılığı isə qəlbini əhatə edən bir hərarətdir. “Şuşa”, “Vətən!”, “O el bizim elimizdir”, “Vətənə ağı” və başqa şeirlərində vətəni təkcə yaşadığı, böyüdüyü torpaq kimi deyil, həm də şəxsiyyət, mənsubiyyət hissi kimi təsvir edir və onu insan varlığını formalaşdıran obraza çevirir. Vətən keçmişin şirin xatirələrini və gələcəyə olan gözəl ümidləri birləşdirən körpüdür. Şair bu körpünü quran duyğuları qələmə alır, onları poetik dilin köməyi ilə öz oxucusuna təqdim edir.
Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!
Özümüzdən çox uzaq,
Könlümüzə çox yaxın,
Gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!
Axır ki, qayıtdıq, gözlərin aydın...!
Qırmızı koftalı, yaşıl tumanlı,
ətrafı çiskinli, çənli, dumanlı,
abırlı, həyalı, nurlu, imanlı,
yaşıl meşələrdən qurşaq bağlayan,
dumanı başına çalmatək çəkən,
yaşmaq bağlayan Şəhərim!
Vətən sevgisi insanın ən dərin, köklü və qəlbdən silinməsi əsla mümkün olmayan hisslərindən biridir. Şair vətənin tərənnüm olunduğu şeirlərini qələmə alarkən milli şüuru, ictimai məsuliyyəti də təsvir edir. Hər cümləsində vətən həsrəti, iftixar və sədaqət ifadə olunur. Boşuna deyilməyib ki, uzaqda yaşasan belə mütəmadi olaraq doğulduğun torpağa baş çəkib oranın havası ilə nəfəs almaq, suyunu içmək belə insanın sağlamlığı üçün vacib və əhəmiyyətlidir. Şair də öz şeirləri ilə oxucunun qəlbinə vətən sevgisi, yurda bağlılıq, sədaqət aşılayır.
Onun yaradıcılığının bir qismini də ictimai motivli şeirləri təşkil edir. “Bacara bilmirəm bu dünya ilə!”, “Bezmişəm”, “Bu Xalqın taleyi” kimi şeirlərində etiraz və mənəvi naqisliklərin tənqidi güclüdür. Şeirin qəhrəmanı mövcud həyatın və ictimai mühitin ziddiyyətlərini yaşayan kədərli insandır. Şairin qələmi ilə şər qüvvələrə uyan insanların pis əməllərini tənqid olunur, ifşa obyektinə çevirir:
Mən ad tapa bilmirəm bu zümrəyə, işə bax,
vəhşiləşmiş gözlərlə ətrafı sarır necə...
Nəfsləri ox kimi sancılıb dörd tərəfə
Doymaq bilmir, görürsən oğrayır, yarır necə...
Şairin ictimai motivli şeirləri arasında xüsusi diqqətçəkən şeirlərdən biri də “Qanad saxla, ay uçan quş” şeiridir ki, bizə klassik ədəbiyyatdan da tanış olan və bir çox şairlərimizin yaradıcılığında öz yerini tutmuş “Durnalar” şeirini xatırladır:
Qanad saxla, ay uçan quş, dayan bir,
Salamımı söylə bizim ellərə,
Yəqin, indi al Günəşin istisi
Sarı-sarı ləkə salıb güllərə.
***
Heç bilmədim necə gəldi bu bahar,
Ürəyimdə yuva saldı bu qubar.
Şeirimdəki kövrək hisslər, duyğular,
Nəğmə olub düşəcəkdir dillərə.
Təbiət vurğunu olan şair yaradıcılığı boyu mütəmadi olaraq həm də vətəninin əfsanəvi gözəlliklərindən ilhamlanmış, doğma təbiətin füsunkarlığını realistcəsinə qələmə almışdır:
Bizim tərəflərin yay axşamları
Səs-səsə verirlər cırcıramalar,
Səsləri dünyanı alır başına.
İşıldaböcəklər işıldaşırlar...
***
Bizim tərəflərin yay axşamları
Dəmirçi körüyü bürkülü olur.
Dərələr gecəni çəkir üstünə,
Sanki ulduzlar da mürgülü olur.
Təbiətin gözəlliyi və şıltaqlığı şairin qələmində bir daha həyat tapır, yenidən canlanır. Bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə onun qələmində hər təbiət hadisəsini daha maraqlı edir, bütün cansız aləmi şəxsləndirməyə nail olur.
Birdən hava tutular
Yağış döyər yolları
Tumurcuqlu qönçənin
Açılar dodaqları,
əmər yağış suyunu.
***
İndi bir ovuc suyun
təşnəsiyəm, yanıram.
Amma bu istiliyin
soyuğunda donuram, -
Som-soyuqdur hər tərəf...
Şairin ana sevgisi dəniz qədər dərin, səma qədər sonsuzdur. Bu sevgi insan həyatının hər anında onu müşayiət edən ilham, inam mənbəyidir. Onun “Anama məktub”, “Anamın”, “Anama ağı”, “Ana, həmişəlik ürəyimdəsən” və başqa şeirlərində şair həyatın bütün gözəl rənglərini ana gözünün dərinliyində tapır, ona olan məhəbbətini poetik dillə daha təsirli və səmimi şəkildə ifadə edir. Onun səsi şairin qəlbində bir melodiyadır. Və bu səs dincliklə əhatələnmiş bir dünyanın qapısını açır, hər sətir şirin xatirələrin isti hərarətindən doğulur. Ancaq indi ömrün gözəl çağında payız rüzgarları əsir. Şair ananın yaşlanmağından doğan kədəri və iztirabı bu misralarla ifadə edir:
İndi yaşamağa heyi qalmayıb,
Azalıb gözünün nuru anamın
Amma ki, təmizdir, yenə də safdır
Nəfəsi, baxışı duru anamın.
Onun məhəbbətə həsr olunmuş şeirləri də eşqin ən saf halını oxucuya təqdim edir. Füzuli deyirdi ki, eşqi vəşf edən hər bənddə sevgilimin qəlbindən bir qığılcım vardır. Çünki şair üçün eşq vüsalın deyil, həsrətin izlərini daşıyır.
Sən getdin, özünlə apardın,
Gətirdiyin bir udumluq sevinci.
Zülmətə döndü hər tərəf,
Yağmura düşdüm elə bil.
Faiq Balabəylinin “Günəş donlu qadın”, “Soyuq idi baxışların…”, “Sən bilməzsən”, “Bilsək, ayrılıqdır…”, “Sən getdin…” və başqa belə şeirlərində şair öz qəlbini bir məktub kimi oxucusuna təqdim edir, oxuyanlar isə bu hisslərin dərinliyində özünü tapır.