Kəmalə Abiyeva : - Rüfət Əsədullayevin dünyaya gəldiyi gündür

YAZARLAR 17:04 / 12.11.2024 Baxış sayı: 2285

 

 

O hərbiçidir. O, Azərbaycanın ərazi bütöv­lü­yü uğruna savaşıb. O qazidir.

Savaşda yaralanıb. Canının yarısı zədə alıb: gözü, əli, ayağı...

Hospitaldan çıxanda evə dönüşünün video­görüntülərinə baxmışdım. Bütün əhali onu qarşılamağa çıxmışdı. Maşın karvanının sonu görünmürdü. Gözü, qolu sarıqlı idi. Ayağı yaralı olduğundan güclə addımlayırdı. Hamı adını çağırırdı, hamı “qəhrəmanımız” deyirdi. Çox kövrəlirəm qazilərimizin evə dönüşünü sər­gi­ləyən video görüntülərə baxanda. Onları yaxından görmək, bağrıma basmaq istəyirəm. Ona da sarılmaq istəyirdim.

İlk dəfə Astaranın Ərçivan kəndində igidliyi əfsanə olan kapitan Şahnur Hüseynovun xatirə bulağının açılışına gedəndə gördüm onu. Boynuna sarıldım elə. O qədər məsum, yara­şıqlı, təvazökardı.

  “Xalqımın, torpağımın azadlığı uğruna savaşmışam. Elədiklərimi də qəhrəmanlıq saymıram”- deyir.

Bədəninin yarısı yaralı qəhrəmanım neçə aydı müalicə alır. Diqqət çəkməsə də bə­də­nin­də qəlpələrlə gəzir. Hələ müalicəsi bitməsə də, “necəsən?” soranlara “Ürəyimin yarası sa­ğa­lıb” deyir.

O, Milli Ordunun baş leytenantı Rüfət Eldar oğlu Əsədullayevdi: Uşaqlıqdan hərbiçi olmaq istəyirdim. Məktəbi bitirəndən sonra Hərbi Akademiyaya getdim. Nə yaxşı ki hərbini seç­dim. Torpaqlarımızın azadlığı uğrunda döyüş­mək mənə də nəsib oldu. Bu hərbiçi kimi deyil, vətən övladı kimi mənim borcumdu. Sa­vaşda heç kim qəhrəmanlıq haqda düşünmür, amma qalib olmaq üçün döyüşür. Elə igid oğullar vardı...

1994-cü il noyabrın 12-də Astaranın Ərçi­van qəsəbəsində dünyamıza gəlib. 2000-2011-ci illərdə Natiq Kərimov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. 4 il Heydər Əli­yev adına Azərbaycan Ali Hərbi məktəbinin kursantı olub. Yerüstü artilleriya ixtisası üzrə bitirib hərbi məktəbi. 2015-ci ildə leytenant hərbi rütbəsi ilə Ağcəbədi rayonu N saylı hissədə xidmətə başlayıb.

2016-cı il aprel döyüşlərinin iştirakçısıdır qəhrəmanım.

2018- ci ildə baş leytenant hərbi rütbəsi ilə hərbi xidmətinə davam edib.

İkinci savaşın ilk günündən igidliyi ilə se­çilib. Ən çətin tapşırıqları, əməliyyatları ye­rinə yetirib. Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanıb hədsiz cəsurluğu ilə hamının se­vim­lisi olan Rüfət Əsədullayev. Tank əleyhinə bölüyün komandiri düşmən tankını birinci özü vurub. Bunları demir.

Özü haqqında çox danışmağı sevmir: Nə deyim ki? Hərbiçi olmaq arzum olub. Həmişə müharibə olacağını, döyüşəcəyimi, ermənilər­dən qisas alacağımı, torpaqlarımızı azad edəcəyimizi düşünürdüm. İstəklərim yerinə yetdi. Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim. Məni Hünər adlı gizirimiz xilas etdi. Elə oğuldu ki, Hünər. Bir düşmən texnikasını gözdən qaçırmazdı.

2015-ci ildən müddətdən artıq hərbi xid­mə­tə başlayan gizir Hünər Məmmədov haq­qında öyrəndiklərim heyrətə salır: təkcə Cəb­rayıl uğrunda döyüşlərdə düşmənin onlarla tankını sıradan çıxarıb Hünər.  Bəzən deyirlər “adam adına oxşayır”, elə bil Hünər üçün deyilib. Hünəri ilə ad qazanıb Hünər. “Ona baxanda bütün həyəcanın yoxa çıxırdı. Çox hünərlidi adı kimi” dedilər döyüş yoldaşları. Hünərin həyəcanı isə hələ yoxa çıxmayıb: Qələbəyə inanırdıq. Qələbəmizdən qürur du­yu­ram.  Amma o günlərdən danışmaq çətindi.   Döyüş yoldaşlarının şəhid olduğunu görmək çox ağır idi.  Unuda bilmirəm. Birlikdə döyüşə gedirdik: kimi şəhid oldu, kimi yaralandı, kimi sağ qaldı...Amma hamı qəhrəman idi.  Onların mərdliyi hesabına qələbə qazandıq. Rüfət kimi oğulların varlığıdı qələbə.  Onunla 2016-cı ildən tanışam. Müxtəlif təlimlərdə, kurs­lar­da birlikdə olmuşuq. 2017-ci ilin sonlarında yeni yaradılmış TƏİRK bölməsində xidmətə davam etmək üçün xüsusi kurslarda da birlikdə olduq. Çox savadlı, peşəkar zabitdi Rüfət.  Kursu ən yaxşı nəticə ilə bitirdiyi üçün bölməyə batareya komandiri təyin olundu. Bilmədiklərimi ondan öyrənmişəm həmişə. 2020-ci ildə düşmənin fəallığı artmışdı. Bizə baş verə biləcək təxribatların qarşısını almaq tapşırığı verilmişdi. Öz işimizi layiqincə ye­ri­nə yetirirdik. Burda da Rüfətin peşəkarlığı xüsusi rol oynayırdı. Tovuz hadisələrindən sonra səbrimiz tükəndi. Hər an əmr gözləyir­dik. Belə davam edə bilməzdi. Genişmiqyaslı hücum əmri alanda Rüfət bizi topladı, “Göz­lə­diyimiz gün gəlib çatdı. Biz torpaqlarımızı azad etmək xoşbəxtliyini yaşayacağıq. Həmin gün bu gündür”dedi. Cəbrayıl-Füzuli istiqa­mətində döyüşlər başladı. Daha az itkiylə daha çox düşməni məhv etmək üçün bölünüb müx­tə­lif istiqamətlərdən hücuma keçirdik. Oktyab­rın 7-də mənim heyətimin vəziyyəti gərgin idi. Gördüm Rüfət köməyə gəlib. Necə sevindim. O yanımda olanda daha inamlı olur­dum. Vəziyyət gözlədiyimizdən çətin idi: düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi ilə üz-üzə idik. Bu zaman da Rüfət ağlasığmaz igidlik göstərdi. Sağ qalanları başına toplayıb hücuma keçdi. Düşmənin diqqətini öz üzərinə çəkərək tank eleyhinə qurğunu hazırlamaq üçün mənə vaxt qazandırdı. Düşmənin 4 tan­kını vurdum. XTQ-də köməyə gəldi. Düşmən artıq qaçmağa üz qoymuşdu. Gözlərimə inan­mır­dım, texnikanı qoyub qaçırdılar. Birdən kimsə dedi ki, ağır yaralı var, çıxarmaq lazım­dı. Gedib gördüm ki, Rüfətdi. Qan içindəydi. Nə hala düşdüm... İlk tibbi yardım göstərdim. Artıq huşu gedirdi. Onu təcili yardım maşınına çatdırana qədər vurur, silkələyir, hey çağırır­dım: Kombat... Kombat... Həkim yaşayacağına inandırdı məni. Özüm də yaralanmışdım. Tibbi yardımdan sonra yenidən döyüşə qa­yıt­dım. Yaralı olmalarına baxmayaraq döyü­şən­lər çox idi. Düşmən məntəqələrini məhv etdik.

Beləcə öz kombatını xilas edir Hünər Məm­mədov.                                                                                                                                                                                   

Bu döyüşdə Rüfət Əsədullayev rəhbərlik etdiyi 15 nəfərlik heyətlə düşmənin 10-dan artıq tankını, hərbi texnikasını, yüzdən artıq canlı qüvvəsini məhv edir. Hünərin dediyi kimi “düşmən qaçmağa məcbur olur”. İkinci Qarabağ savaşında şəhid olan Milli Qəhrəman polkovnik Şükür Həmidov bu döyüşə nəzarət edirdi. Şükürbəyli istiqamətində hücuma ha­zır­laşan düşmən tanklarının və canlı qüvvə­lə­rinin qarşısının alınması tapşırığını verir cə­nab polkovnik. İgidlərimiz bu tapşırığı ləya­qət­lə yerinə yetirirlər.

“Bu döyüş çox həlledici idi. Düşmən hü­cu­mu­nun qarşısını ala bilməsəydik, azad et­di­yimiz əraziləri yenidən itirə bilərdik. Bu isə elə bizim üçün ölümə bərabər idi”-dedi Hünər.

Bir-neçə günlük döyüş haqqında danışdı Hünər. Belə oğulları necə bağrına bas­ma­yasan? Onlara baxdıqca ən gözəl sözləri de­mək istəyirsən. Amma cəsurluqları, vətən sevgiləri qarşısında sözlər bəs etmir. Sənsə sadəcə bir yazı yazırsan. Onları tanıtmaq istə­yir­sən. Amma xalq, bu torpaq onu qoruyan, sevən oğullarını tanıyır.

Yaralı Rüfət evə dönərkən yüzlərlə insan “Rüfət, Rüfət” deyib hay salmışdı. Bu sədalar vətən göylərinə yayılırdı. Və yayılacaq. Ulduzlar da eşidirdi bu adı. Və eşidəcək.

Biz Rüfətlərin, Hünərlərin adını nəsil-nəsil eşidəcəyik.