Kütləviləşmiş problemlər artıq travma deyil- yazdı Aida Adıgözəl
“Uşaq yaşlarımda həyatın biri-birinə zidd iki anlayışdan ibarət olduğunu öyrəndim. Birincisi, dünyanı dəyişdirə bilmək iqtidarında olan sözlər idi, ikincisi bu sözlərlə heç bir əlaqəsi olmayan dünyanın özü”.
Bu cümlələr yapon yazıçı-şairi Yukio Mishimaya aiddir, nənəsinin himayəsində böyüyən uşağın travmatik xatirələrinin içindən çıxan cümlələrdir.
Bir çox yazarlarda rast gəlinən, az qala tendensiya halına gəlmiş mövzudur uşaqlıq çağlarındakı kasıblıq yaşantılarını travmatik xatirələr kimi oxucuya çatdırmaq.
Əslində hər kəsin, ölkəsindən, millətindən asılı olmayaraq bu cür kasıb yaşantı xatirələri var və mən bunu qətiyyən travma kimi qəbul etmirəm. Çünki dövrlər dəyişdikcə, texnoloji proseslər yeniləndikcə hər sahədə yeni istehsal növləri bazara girir. İçində insanın komfortunu təmin edən, lüks yaşam tərzini sağlayan ev, geyim, maşın da daxil olmaqla...
Bizim uşaqlıq illərimiz xarici sərhədləri bir növ bağlı olan sovet dövrünə düşmüşdü və gələn xarici marka malları kənd əhalisinə yüksək zümrənin dırnağndan hansı yollasa alverçilərin əlinə sızıb çox zülümlə çatardı. Üstəlik bütün ölkə şəhərdən də ibarət deyil axı. Ölkənin çox hissəsi kəndlərdən ibarətdir. Bu üzdən hər kəsin marka mallar geyməsi, son model nə isə alması asan deyildi. Bu həm maddiyyatla da bağlıydı həm də yox.
Demək olar ki, hər fərdin eyni yaşam tərzi var idi, hə, lap çox yoxsulu da vardı. Bu da bəlkə uşaq sayıyla bağlıydı. Belə halda ironiya ilə desək bütün əhalinin yaşamını travmatik qəbul etmək lazımdır.
Bu bəzən nəyə oxşayır? Adi kənddən misal çəkim, bir ailə bəyəndiyi qızı subay oğluna el adətiylə alır. Problem yoxdur, sağlam, qaşı-gözü yerində oğlandır, yaxud qızdır. İki-üç ildən sonra bu gənclər qəfildən ayılır ki, o yataqda daha başqa şeylər istəyir, onun düşüncəsinə görə onun seks aclığını bu xanım təmin edə bilmir. Xanıma da elə gəlir ki, onun bədəni Ceylonun bədənindən daha gözəldir və o Məmmədə deyil Kvanc Tatlıtuğa layiqdir...
Bilirəm, assosiasiya axtarırsız. Dediyim o ki, kütləviləşmiş problemlər artıq travma deyil. Sosial yaşam dəyişkənliyinin şüurlarda alışılmış yaşantıya vurduğu zərbədən əmələ gələn problemlərdir. İnsanlar ruhi və maddi azadlığa bir növ hazır deyillər. Tapanda ilk bunu öz ailələrini dağıtmaqla həll edəcəyini sanırlar.
Sonralar bu da travmatik xatirələr toplusuna çevrilir. Əksər kəsim bunu yaradıcılıq qabiliyyəti olmadığından unudub adi qəbul edib böyüyür gedir. Yaradıcılıq potensialı olanlar isə bunu Yukio Mishima və sair yazıçılar kimi əsərlərinə yansıdır.