Vasif Süleyman : - HƏLƏ YAZMAMIŞAM SƏNİ BİR SƏTİR
Nə nalə çəkəmməz, nə ah götürməz,
Bu canım üstünə günah götürməz.
Bir belə günahı Allah götürməz,
Hələ yazmamışam səni bir sətir.
Hissin dumanında azır, deyirsən,
Həsrətdən, hicrandan yazır, deyirsən.
Vallah düz deyirsən, hazır şeirsən,
Hələ yazmamışam səni bir sətir.
Bütövsən, sözünü dəyişmək haram.
Səni vərəqlərə inan qıymaram,
Qorxuram yazaram, qaralayaram,
Hələ yazmamışam səni bir sətir.
Mən eşqin yolunda dilsiz balayam,
Gərək ürəyimi oda qalayam.
Yazandan sonra da oxumalıyam,
Hələ yazmamışam səni bir sətir.
Daha şaxtalıdır ömrün baharı,
Gəzriəm Tanrıya gedən yolları.
Ötüşən günlərim gözləyə barı,
Hələ yazmamışam səni bir sətir.