Kəmaləddin Qədim : - GƏZƏSƏN ÖZÜNÜ BİR ÖMÜR BOYU...

Ədəbiyyat 16:23 / 14.11.2024 Baxış sayı: 371

 

Qala əllərində canın bu bəxtin,

Nə ötə yan ala, nə bəri çıxa.

Ölə bilməyəsən ölmək istəsən,

Yaşamaq istəyin dəbərib, çıxa...

 

Gözlərin umduğun yerdən yığıla,

Ümidin ən hündür yerdən yıxıla.

Bir yuxun yol ala uşaqlığına,

Önünə qonşunun çəpəri çıxa...

 

Sevəsən, təzədən düşəsən tora,

Gəzə ayaqların yolları yora.

Qarşına bir daha o qızdan sonra

nə huri rast gələ, nə pəri çıxa...

 

Ağrının-acının üstə gedəsən,

Bir az asta gedib, usta gedəsən.

Üz tutub bir sadiq dosta gedəsən,

Onun da bir qəfil səfəri çıxa...

 

Elə, Vətən adlı yer ömür boyu

qala səndən yana sirr ömür boyu.

Gəzəsən özünü bir ömür boyu,

Nə öldü, nə qaldı xəbəri çıxa...