Kəmalə Abiyevanın  «Bakı şəhidləri»-ndən yazdı   Əbülfət   MƏDƏTOĞLU

YAZARLAR 20:49 / 06.11.2024 Baxış sayı: 4260

 

Hələ mətbəə qoxusu canından çəkilməmiş bir kitabı vərəqləyirəm. Etiraf edim ki, kitabın tərtibatı da, ümumi  görüntüsü də o qədər mövzuya uyğun seçilib və mövzunu ifadə edəcək bir nəşr nümunəsi kimi ortaya qoyulub ki, ilk tanışlıqdan onu sona qədər oxumaq istəyirsən.

Kitabın müəllifi sevilən və çox dəyərli şairə, publisist, yurd təəssübkeşi, vətən sevdalısı Kəmalə Abiyevadır. Oxucularımız onu həm də nəğməkar şair kimi də tanıyır. Qarabağ savaşı başlanan gündən Kəmalə xanımın qələmindən saysız-hesabsız vətən, əsgər, qazi, şəhid yazıları, nəğmələri, şeirləri və məqalələri mətbuata yol açıb. Həmin qələm məhsulları ürək ağrısı ilə, bir valideyn nisgili ilə yazıldığından hər bir yazının ünvanı oxucuya, şəxsən mənə təsəlli ilə yanaşı, qürur da gətirib.

«Bakı şəhidləri» (İkinci Qarabağ savaşı) kitabında Bakıda doğulub, Bakıdan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərə qatılan 21 şəhid haqqında məqalə, ellegiyadı. Kitab dəyərli yazıçı-publisist, şairə Aysel Əlizadənin redaktorluğu ilə işıq üzü görüb. Burda xüsusi vurğulamaq yerinə düşər ki, kitabda barəsində Kəmalə xanımın kövrək duyğuları yer alan  qəhrəmanlarının hamısının rəngli şəkilləri oxuculara təqdim olunub.  Həmin  şəkillərdən  bu  günümüzə  boylanan   və  mənalı baxışları ilə  bizə ürəyini açan qəhrəmanların hamısı bir-birindən cavan, bir-birindən yaraşıqlı və bir-birindən də məğrur igidlərdi. Onları birləşdirən isə Vətən, bir də Üçrəngli bayrağımızdı. Məhz o üçrəngli bayrağın Vətənin bütün guşələrində dalğalanması üçün həmin igidlər döyüşə atılıblar.

«Elm və təhsil» nəşriyyatında işıq üzü görmüş bu kitabın bütün şəhidlərimizə Kəmalə  xanımın  bir ehtiram   nümunəsi  olduğunu birmənalı qəbul edərək vurğulamaq  istəyirəm ki, Kəmalə xanım şəhidlərimizlə bağlı bütün yazılarında sonluq kimi Vətəni və bayrağı başımızın üstünə qaldırır. Bu da o deməkdir ki, qanları bahasına Vətəni və bayrağı başı üzərinə qaldıran oğullar sevgiyə, ehtirama, əbədiyaşarlığa layiqdirlər. Bunun üçün isə ən vacib olan şərt onları tanıtmaq, onları sevdirmək və onların bizə əmanət etdikləri Vətəni və Bayrağı yenilməz etməkdir. Əminəm ki, bu istək həmişə və hər kəsdə zaman-zaman  var olacaqdır.

Çox hörmətli Kəmalə xanımın bu yeni kitabını təbrik və təqdim etməklə ona yaradıcılıq uğurları, can sağlığı, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə ürəklərincə həyat arzulayıram.