Əlizadə Nuri : - İlahi, bir qadın sevirdi məni...

Ədəbiyyat 08:47 / 14.11.2024 Baxış sayı: 283

Dünya bir qadındı, daş - qaşıydı o

Gözümə yığdıgım göz yaşıydı o

Sevdiyim bir gülün adaşıydı o

İlahi, bir qadın sevirdi məni...

 

Bəlkə, bir yağışın içində qaldı?

Mən bəndə, o Allah gücündə qaldı.

Getdi...Barmaqlarım saçında qaldı...

İlahi, bir qadın sevirdi məni...

 

Mən də bu dərdinəm , yadın deyiləm.

Bəlkə , Tanrı idi, qadın deyirəm?!

Dayanın ! Mən onun adın deyirəm!

İlahi, bir qadın sevirdi məni...

 

Bəlkə ,suya dönüb, bulaqdan axır ?

Bəlkə, yanımdadır , qıraqdan baxır?

Bəlkə bu yazdığım varaqdan baxır?

İlahi, bir qadın sevirdi məni...

 

Axı neyləyəydi bir naşıyla o

Getdi kədər adlı sirdaşıgla o

Qoydu imzasını gôz yaşıyla o

İlahi, bir qadın sevirdi məni...

 

Sıxmışam sinəmə xatirəsini

Yağışlar yadıma salır səsini

İlahi, nə vaxtsa qarşıma çıxsa,

Ona bağışlaram son nəfəsimi.

İlahi, bir qadın sevirdi məni...