Əlizadə Nuri : - Nəfəsdərmə...

Ədəbiyyat 13:10 / 04.12.2024 Baxış sayı: 336

 

Günəşi gizlədiblər,

Buludun arxasında.

Kimi özgə toyunda

Kimi də öz yasında.

 

Silkələnir göy üzü,

Buludlar divar-divar.

Ulduzlar elə gəmgin...

Ayın da ay dərdi var.

 

...Tanrı insan yaradıb,

Hər yan haydı-haraydı.

Yoxsa tək darıxdı O?-

Gərək darıxmayaydı...

 

Yağış da yuya bilmir,

Bu dünyadan hüzünü.

Baxıb yaratdığına

Tanrı tutub üzünü...

 

...Yüz il ömür istəyir,

Əlli il bəs eləmir?

Allaha bir ev tikib

Göyü günbəz eləmir...

 

Hər yan saxta parıltı-

Yox, ora girmirəm mən.

Qaranlıqdan qorxmuram,

İşıqda görmürəm mən...

 

Onun iştahına bax,

İstəmir tacı düşsün.

Göydən də üç alma yox,

Alma ağacı düşsün...

 

Nəfəs alıb verincə,

Öz nəfsinə qul oldu.

Hamını uddu... ancaq

Özünə məğlub oldu...

 

...Yanında qəm qardaşı,

Bu adam toya gedir.

Ömür-qatar kimidi

Sonda depoya gedir...