Şakir Xanhüseyndən TƏR  BİR  ŞEİR

Ədəbiyyat 10:55 / 23.06.2024 Baxış sayı: 1218

***

Nə görür tavana dikili gözüm,

nə alıb canımdan tab-tavanımı...

Yadlıq duyursanmı doğma səsində,

dilsiz adamların əhatəsində

Başsızlıq yürüdür söz karvanını...

 

Yuxu gözlərində oyaq qalmaq nə,

otura-otura bu yorulmaq nə...

Haram, yollarını qısaldacaqmı;

ağıldan gödəklər, əli uzunlar

Haram yollarını qısaldacaqmı...

 

Həqiqət gəzirsən, həqiqət buymuş;

qaranlıq dünənlər daha nurluymuş;

Bugünün ziyası nəyə yarar ki;

işıqdan gizlənən yarasalara

Bu günün ziyası nəyə yarar ki...

 

Qaragüruhçunun harayına bax,

qızıl işləməli sarayına bax

Çiçəyi çırtdamış yad-yabançının;

bir də görürsən ki, heç yerdən, heçdən

Çiçəyi çırtdamış yad-yabançının...