Çingiz   Ənvəroğlu: - ÖNDƏ OLMAQ ALIN YAZISI İDİ

YAZARLAR 09:56 / 27.06.2024 Baxış sayı: 938

                                   

Ramiz  Əskər – Əskərov Ramiz Baxşəli oğlu. Bu ad mənim üçün ən əziz, doğma və unudulmazdır. Mən onunla  1972-ci ilin sentyabr ayında Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin auditoriyasında tanış olmuşdum. Amma onun qeyri-adiliyi haqqında hələ bir ay qabaq eşitmişdim. Həmin  illərdə  jurnalist ixtisas  çoxları üçün əlçatmaz bir zirvə idi. 1972-ci ilin yayında Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olmaq üçün imtahanlarda 50 yer uğrunda təqribən 500 nəfər mübarizə aparırdı. İlk  imtahanlarda  məktəbi qızıl medalla bitirmiş  Ramiz Əsgər 2 imtahandan əla qiymət alaraq digər imtahanlardan azad edilmiş və tələbə adını qazanmışdır.  Dərslər başlayanda biz Ramizin dərin savadına, erudisiyasına yaxından bələd olduq. Onun cavablandıra bilmədiyi  bir  sual  yox idi.  Orta məktəb proqramını mükəmməl  mənimsəmiş, saysız-hesabsız kitablar oxumuşdu. Dəmir məntiqi , güclü hafizəsi çox bəlağətli, səlist və aydın nitqi vardı. Danışanda bir sözü heç vaxt  iki dəfə təkrar etməzdi.

 Bir dəfə  yazıçı, professor Qulu Xəlilov dedi:

-“Qırx ildir filologiya və   jurnalistika fakultəsində dərs deyirəm, hələ bu cür dəqiq və səlist nitqi olan tələbə görməmişəm”. Başqa  epizodlarda da bu cür hallar olurdu. Məsələn, müəllimlərimizdən biri belə bir sual verdi: “ Assent” sözünün açmasını   kim yaza bilər. Doğru variantı assistent idi. Onu ancaq  Ramiz bildi.

Yazıçı, professor Mir Cəlal Paşayev “Sələbiyyənamə” nə deməkdir? sualını verəndə (“Tülkünamə”), onun da düzgün variantını Ramiz demişdir. Bir dəfə də Nəsir İmanquliyevin dərsində Ramiz  ABŞ-ın siyasi xadimlərindən  Din  Raskin , Bzerjiniski və Maknamaranın  adını çəkdi.  Nəsir müəllim  təəccüblə soruşdu: “Sən bunları haradan bilirsən?”. Bir dəfə də  gözəl jurnalist, müəllimimiz Nərman Zeynalov 1920-ci illərə aid  “Azvin” termininin  mənasını soruşdu: - Azərbaycan Şərabçılıq İdarəsi deyə Ramiz cavab verdi. 

Azərbaycanın ilk mətbuat orqanlarını oxuya bilmək üçün  bizə  ərəb əlifbasını  tədris edirdilər.  Müəllimimiz  məşhur şərqşünas alim Əli Fəhmi idi.  Amma  bizim bəxtimizdən  bu böyük ziyalı dərslər başlayandan bir az sonra xəstələnib dünyasını dəyişdi. Biz bu əlifbanı lazımınca öyrənə bilmədik.  Amma Ramiz Əsgər  bu əlifbanı müstəqil olaraq mükəmməl öyrənmişdi və sonra “Odlar yurdu” qəzetinə baş redaktor olanda bu əlifba ilə qəzet çap etdirirdi. O, ərəb, fars, türk, özbək, qazax, türkmən, qırğız, tatar, başqırd, qaqauz, rus, alman və hətta erməni dillərini bilirdi.  Bir dəfə bizə İrəvan universitetindən  bir alim gəlmişdi. Mətbuat tarixi üzrə  Zaqafqaziyada ilk professor idi. Erməni bolşevik mətbuatı tarixindən  mühazirə edirdi.  Ramiz ayağa qalxıb ermənicə 5-6 cümlə dedi. Auditoriyada çoxları gülüşdü. Sən demə  Ramiz ona  erməni dilində sual verirmiş.

 

Ramiz çox parlaq tələbə idi. Hamımızdan seçilirdi.  Bütün imtahanlardan  yalnız “əla” qiymət alırdı.  Hər gün Axundov adına  kitabxanaya gedirdi. Gecələr də hamını yuxuya verib  kitab oxuyurmuş.  Bunu tələbə yoldaşımız, indi professor şair kimi tanınan  Adil Cəmil danışıb: “4-cü Yasamal  küçəsində kirayənişin idik. Gecələr oyanıb   görürdüm ki,  Ramiz durmadan oxuyur.  Onun alim olacağını  elə o vaxtdan bilirdim”.

Ramizin mühüm bir cəhətini də  deyim: o dövrün  KİV-ndə  keçən  bütün siyasi xadimləri, bütün ölkələri, paytaxtları əzbər bilirdi. Məsələn,  Tanzaniya və  Zənzibar  Birləşmiş Respublikası  adlı dövlətin  varlığını mən  ondan eşitmişdim.  Bilirdim ki,  gecələr türk radiolarına, Bi-Bi-Si-yə və “Azadlıq” radiolarına qulaq asır. 

1975-ci ildə  üçüncü kursu bitirdik. Həmin  il  M.V.Lomonosov adəna  Moskva Dövlət Universitetinə göndərmək üçün  bir tələbə seçilməli idi. Təbii ki, dekanımız, professor  Şirməmməd  Hüseynov  bu yerə Ramiz Əskəri layiq bildi   və o. Moskvaya getdi. Bundan sonra onu  ancaq yay-qış tətillərində qısa müddətdə  görürdük. Amma Ramiz həmişə mənimlə məktublaşıb.  Ali təhsili başa  vurduqdan sonra hamımız təyinatla  rayonlara getdik, ancaq əlaqələrimiz davam elədi.

Ramiz bir neçə il “Azərbaycanın səsi” radiosunda işlədi. Sonra  yeddi dildə  (Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız, alman) çıxan  “Azərbaycan bu gün” jurnalının, daha sonra “Odlar yurdu” qəzetinin  baş redaktoru oldu.  Ərəb, latın və kiril  əlifbaları ilə   nəşr olunan  bu qəzetin tirajı 250 min nüsxə  idi və  tək bir nüsxəsi geri qayıtmırdı.

Mən Molla Cümə haqımnda bir məqalə yazmışdım və əldə etdiyim məlumatlara əsaslanıb göstərmişdim ki, Molla Cümə öz musiqiçi dəstəsi ilə gecə saatlarında toy mərasimindən qayıdarkən (onlar  5 nəfər olublar) Şəki-Zaqatala yolunda Aşağı Göynük  kəndi ərazisində 11-ci  Qırmızı ordunun əsgərləri ilə qarşılaşıblar (Həmin  ordunun tərkibində  xeyli  erməni əsgər və zabitlər olub. Bu hadisə 1920-ci ilin aprel ayında olub). Onlar Gürcüstandan Balakən-Zaqatala-Şəki yolu ilə Azərbaycanın şimal-qərb rayonlarından keçərək Bakıya doğru gedirmişlər və keçdikləri bütün rayonlarda , şəhərlərdə bolşevik hərəkatına yardım edib, eyni zamanda  talançılıq və soyğunçuluq ediblər. Onlar Molla Cumanı və onun musiqiçi dəstəsini də qətlə yetirib cəsədlərini də yolun kənarındakı kolluğa atıb gediblər. Bir  neçə gündən sonra kənd adamları  onları tapıb və kəndə gətirmək mümkün olmadığına görə,  elə həmin yerdə dəfn ediblər.

Mən bu hadisə haqqında 1988-ci ildə yazdığım məqaləni Azərbaycanın mətbuat orqanlarından çoxuna apardım. Hər yerdə mənə dedilər ki, sən nə yazmısan? Azərbaycan Kommunist Partiyası mikrorayonun kruqunda 11-ci Qırmızı ordunun şərəfinə abidə  ucaldıb, sən də yazırsan ki, onlar qatil və soyğunçu olublar. Beləliklə yazını heç yerdə qəbul etmədilər. Sonra mən Ramiz Əskərlə görüşdüm. Əhvalatı ona danışdım. O, məni diqqətlə dinlədi və ciddi şəkildə soruşdu. Bu faktı təsdiq eləyən insanlar varmı? Mən dedim, kənd adamları və nəvəsi. Bu məlumatı mənə onlar veriblər. Bir qədər fikirləşdikdən sonra dedi:  - Məqaləni ver mənə, baxım görüm nə edə bilərəm. Bir müddət sonra – 1989-cu ildə mənim həmin məqaləm heç bir düzəliş edilmədən Ramiz Əskərin  baş redaktoru olduğu “Odlar yurdu” qəzetində çap edildi. Bundan sonra Ramiz Əskərin də, mənim də başım çox bəlalar çəkdi. Amma Ramiz Əskər bir dəfə də olsun bu barədə şikayətlənmədi.   

Həmin dövrdə ondan populyar qəzet yox idi. “Odlar yurdu”nun səhifələrində  Azərbaycan Demokratik Respublikaının  qurulması, gerbi, himni, bayraı, dövlət qurumları, parlamenti, siyasi və hərbi xadimləri, pulları və s. haqqında çox maraqlı yazılar verilirdi. Xaricdə fəaliyyət göstərən  Azərbaycan diaspor təşkilatları, dərnək, cəmiyyət və birliklər, mətbu  orqanlar, tanınmış  elm və mədəniyyət xadimləri, görkəmli azərbaycanşünas alimlər haqqında materiallar dərc  olunurdu.  Qətiyyətlə deyə  bilərəm ki, milli şüurun  oyanmasında və milli azadlıq hərəkatının formalaşmasında bu qəzetin və onun  baş redaktoru  Ramiz Əskərin müstəsna rolu vardı. Yaşlı nəsil  bunu gözəl bilir.

Ramiz yeddi il “Odlar yurdu”nda işlədikdən sonra istanbulda çıxan məşhur “Hürriyyet” qəzetinin  Qafqaz üzrə  xüsusi müxbiri  oldu, bir müddət isə “XXI  əsr” adlı qəzeti redaktə etdi,  Azərbaycan Jurnalistlər Birliyində baş katib vəzifəsində  çalışdı, “Azərbaycan mətbuatı bu gün” adlı jurnal, əyalət mətbuatına kömək üçün  xüsusi bülletenlər buraxdı, jurnalistlər üçün  treninqlər təşkil  etdi. O, Beynəlxalq Mətbuat İnstitutunun  (Vyana) və Avrasiya Yazarlar Birliyinin (Ankara) üzvü olub və orada çox səmərəli fəaliyyət göstərib.

Elə bir məqam gəldi  ki ... Ramiz Əskər bu barədə  belə deyirdi: “Jurnalistika çox ağır sənətdir. Qəzetçilik  çox çətin  peşədir.  Məni düzgün başa düşün. Allahın hər  günü, sabahı, həftəsi bitmir. Qəzet daim  çıxmalıdır. Jurnalistin beyni bir an belə yatmır, dincəlmir, daim axtarır. Nəticədə beyin  yorulur, sovrulur, gücdən  düşür.  Məsələn, gedib  aspirant olursan, bir il  minimumları verirsən, bir il materialları toplayırsan, bir il dissertasiya yazırsan, bir il də müdafiə gözləyirsənb. Nəticədə elmi ad alıb elmlər namizədi (fəlsəfə doktoru) olursan. Halbuki jurnalistikada hər həftə olmasa da, hər ay əlindən bir dissertasiya həcmində yazı gəlib keçir və bu iş illərlə  təkrar olunur, sən isə  yerində sayırsan. Bir də  görürsən yaşının üstünə yaş gəlir, sən hər mitinqə, hər olaya, hər tədbirə yetişə bilmirsən. Bunları nəzərə alıb  bir az mürəkkəb , bir az oturaq iş olan elmi seçdim. “

Ramiz  Əskər  2002-2006-cı illərdə  Bakı Dövlət Universitetinin  türkologiya kafedrasında əvəzçi-müəllim kimi  işlədi, rus və Azərbaycan bölmələrində  “Qədim türk  yazılı abidələri”, “Orta türk dövrü abidələri”, “Türkologiyaya giriş”, “Türk mədəniyyət tarixi” fənlərindən dərs dedi, xüsusi kurslar apardı. Elmlər namizədi və elmlər doktoru dissertasiyaları yazdı, müdafiə elədi. 2007-2012-ci illərdə mühacirət ədəbiyyat və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi və  müdiri oldu. 2012-ci ildə  türk xalqları ədəbiyyatı  kafedrasının, 2016-cı ildə  isə türkologiya kafedrasının  müdiri seçildi.

Ramiz Əskərin qələmindən indiyədək 16 monoqrafiya, kitab və tədris vəsaiti, 260-yə yaxın elmi məqalə çıxıb. Onun yazdığı irihəcmli “Qutadğu  bilig”, “Mahmud  Kaşğari” və onun “Divanü  lüğat-it-türk” əsəri, “Orxon abidələri” , “Türk xalqları ədəbiyyatı oçerkləri”, “Bağımsızlık dönemi Azerbaycan Edebiyyatı”  monoqrafiyaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin  tərtib etdiyi biblioqrafiyalar da çox məşhurdur.  Məsələn,  o,   “Divanü  lüğat-it-türk” əsəri üzrə  22 dildə 1.500,   “Qutadğu  Bilig” üzrə  22 dildə 3.000, “Kitabi-Dədə Qorqud” üzrə  43 dildə 8.841 məxəzin (kitab, monoqrafiya, məqalə, dissertasiya, tezis) topladığı bir neçə  biblioqrafiya hazırlayıb.

Türk dünyasında yaxşı tanınan Ramiz onlarca beynəlxalq konfransa, foruma və simpoziuma qatılıb, maraqlı  məruzələrlə çıxış  edib. O, Orxon-Yenisey abidələrini öz gözü ilə görən , bünun üçün  Monqolustana, Xakasiyaya, Altaya, Tuvaya gedən yeganə Azərbaycan alimidir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Türkiyə onun tez-tez ziyarət etdiyi məkanlardır.

Bu fədakar elm adamını  başqalarından fərqləndirən digər mühüm  cəhət onun  tərcüməçilik  fəaliyyətidir.  İndiyə qədər Ramiz Əskər türk, özbək, uyğur, qazax, qırğız, türkmən, tatar, qaqauz dillərindən 60-dək kitab tərcümə edib. Bunların  arasında Faruq Sümərin “Oğuzlar”, Bahəddin Ögəlin “Türk mifologiyası”, Yusif Balasağunlunun  “Qutadğu  bilig”,  “Monqolların gizli tarixi” kimi mühüm  əsərlər vardır. Dahi dilçi Mahmud Kaşğarinin 4 cildlik  fundamental  “Divanü  lüğat-it-türk”  əsərini  ana dilimizə tərcümə etməsi isə alimin milli mədəniyyətimiz və  elmimiz qarşısında ən böyük  xidməti sayıla bilər.

Ramiz Əskər son dövrlərdə  türk xalqları arasında ədəbi əlaqələrin  inkişafına mühüm töhfələr verib, türk xalqları ədəbiyyatının  parlaq simalarından Babur, Mehri Xatun, Əndəlib, Azadi, Məxdumqulu, Molla Nəfəs, Toktoqul, Çobanzadə, Tukay və digər ədiblərin  kitablarını ana dilimizə çevirib, onlara ön söz, qeyd və şərhlər yazıb, özbək və tükmən şeiri antologiyalarını  hazırlayıb.

Bu sahədəki böyük  uğurlarına görə Türkiyənin “Tük dünyasına xidmət” və “Qızıl alma” mükafatları, Azərbaycanın “Rəsul Rza” mükafatına,  Özbəkistanın beynəlxalq “Babur” mükafatı, Qazaxıstanın  Qasım Amanjolov və  Mağcan medalları, Türkmənistanın “Altın əsr” mükafatı və Məxdumqlu medalı, Ukraynanın Bəkir Çobanzadə medalı, Qırğızıstanın Toktoqul medalı,  Tatarıstanın  “Mədəniyyətə  xidmət” medalı, Rusiyanın Qaysın Quliyev medalı, Beynəlxalq  Türk Akademiyasının Wilhelm Tomsen mükafatı,   TürkSOY-un  xüsusi  mükafatı və yubiley medalları ilə təltif edilib.

 

 

Ramiz Əskərin  əməyi dövlətimiz tərəfindən də  yüksək qiymətləndirilib, o, Azərbaycan  Respublikasının  Prezidenti  İlham Əliyevin sərəncamı  ilə  2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2010-cu ildə isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Gözəl jurnalist, tanınmış alim və mahir tərcüməçi Ramiz Əskər  bu il anadan olmasın  70 illiyi münasibətilə   “Vətənə  xidmətə görə” ordeni və Ulu öndərin anadan olmasının  100 illiyi münasibətilə “Heydər Əliyev” medalına layiq görülmüşdür. 

Ramiz  Əskər bir insan kimi də yüksək mənəvi dəyərlərə malik idi. O,  ailəsinə sədaqətli, səmimi və mehriban ailə başçısı idi. Yüksək əxlaqlı və savadlı iki qız və bir oğul böyüdüb. Ömür-gün  yoldaşı  Solmaz xanım  4 il qabaq dünyasını dəyişəndən sonra o, çox pessimist olmuşdu

Mən bir neçə gün idi əziz dostum, qardaşım Ramiz Əskər haqqında ardıcıl düşünürdüm və bir yazı yazmaq üçün fikirlərimi toplayırdım. Təsadüfən internetdə  Bakı milyonçusu, xeyirxah insan, indiyə qədər adı dillərdə gəzən Musa Nağıyevin nəvəsi Dilarə Nağıyevanın babası haqqında verdiyi məlumatları oxudum. Orda bir rəqəm diqqətimi cəlb etdi. Ağamusa Nağıyev Bakıda öz vəsaiti hesabına 98 möhtəşəm bina tikdirib. Bir anda məndə müqayisə yarandı. Ramiz Əskər də bütün yaradıcılıq illərində irili-xırdalı  98  kitab yazıb. Hələ minlərlə qəzet məqalələrini hesaba almasaq, o, 98 kitabı ilə türk dünyasının tarixində ən görkəmli  yerlərdən birini fəth edib və bu zirvədən Ramiz Əskər dühası min illər görünəcəkdir. Allah sənə rəhmət eləsin, əziz qardaşım!

 

 

 

Çingiz   Ənvəroğlu,

“Qızıl qələm” mükafatı lauretatı

Şəki