Tahir Rzayev, komitə sədri : - "Keçirilən tədbirlər ölkəmizin  bəşəri dəyərlərə sahib olduğunu göstərir."

SİYASƏT 16:48 / 27.06.2024 Baxış sayı: 779

 

“Dünyada baş verən iqlim dəyişiklikləri bəşəriyyət üçün getdikcə ciddi problemlər yaratmaqdadır. Məhz buna görə də dünya ölkələri bu problemin aradan qalxması üçün öz səylərini birləşdirmək əzmindədir. Azərbaycan da bir demokratik ölkə kimi bu prosesdə öz dəstəyini verməkdə və çox mühüm tədbirlər həyata keçirməkdədir. BMT-nin “İqlim Dəyişmələri haqqında” Çərçivə Konvensiyasını və 2000-ci ildə konvensiyanın Kioto Protokolunu ratifikasiya etdikdən sonra Azərbaycan Respublikası qlobal iqlim dəyişikliklərinin mənfi nəticələrini aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatların səylərini dəstəkləmiş və bu sahədə lazım olan bütün tədbirləri görmək üçün imkanları birləşdirmişdir”.   Yenises.az bildirir ki,  bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Deputat bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi bunun daha bir nəticəsi və dövlətimizə göstərilən ehtiramın nümunəsi olmaqla bərabər, həm də ölkəmizin ətraf-mühitin mühafizəsi sahəsində göstərdiyi səylərin ifadəsi kimi qiymətləndirilməlidir: “COP29-un keçirilməsi ilə əlaqədar artıq bir sıra silsilə tədbirlər həyata keçirilir. “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı beynəlxalq Forumun keçirilməsi də bu tədbirlərin tərkib hissəsidir. Əlbəttə ki, atmosferi sağlamlaşdırmaq, təbiəti qorumaq, yaşıllıqları genişləndirmək, insan həyatı üçün başlıca amildir. Bu istiqamətdə həyata keçirilən tədbidlər bəşəriyyətin sağlamlığı üçün çox əhəmiyyətlidir”.

T.Rzayevin sözlərinə görə, Azərbaycan bu tədbirlərdə yaxından iştirak etməklə yanaşı, bəşəriyyətə özünün nəcib töhfələrini vermək əzmindədir: “Keçirilən bu tədbirlər bilavasitə ölkəmizin demokratik bəşəri dəyərlərə sahib olduğunu göstərir. Bu gün bütün dünya COP29-un uğurla həyata keçəcəyinə əminlik ifadə edir. Azərbaycanda təşkil olunan belə tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Sözsüz ki, atmosferi, təbiəti zərərli tullantılardan qorumaq, insan həyatı və yaşayışı üçün normal mühit yaratmaq bəşəri istəkdir. COP29 və bu çərçivədə keçirilən silsilə tədbirlər bu məqsədə xidmət edir. Azərbaycanın bu prosesdə yaxından iştirak etməsi dövlətimizin beynəlxalq aləmdə nüfuzuna yeni dəyər qazandırır və dünya ölkələri tərəfindən rəğbətlə qiymətləndirilir. Bu, bir vətəndaş olaraq hər birimizi sevindirir. Çünki belə tədbirlərin keçirilməsi ölkəmizin iqtisadi inkişafı, eləcə də onun beynəlxalq aləmdə nüfuzunun artırılması üçün böyük əhəmiyyət daşıyır”.