Məmməd Araz poeziysı barədə bir neçə söz... - Allahverdi Eminov yazır

YAZARLAR 11:00 / 27.06.2024 Baxış sayı: 876

Məmməd Araz haqqında mənim yazmağım daha çətindir, çün vaxtilə sözümü demişəm və bir monoqrafiya da nəşr etdirmişəm. Amma zəngin şairi nə qədər oxu¬san bir o qədər özün də zənginləşirsən. Ona görə ki, şairin poeziyasında insan hissləri dünyanı anlamağı bacarmaqdan başlayır. Şair insanın varlığı və hisslərini, psixoloji durumunu yaşayır. Məmməd Araz poetikasında insan bütün mövcudatı əhatə edən əzəli qüvvənin doğuluşundan yaranmışdır. Məhəbbət (təkcə “eşq” mənasında yox) insanı hərəkətə gətirən, onun çiyinlərinə xeyirxahlıq yükünü qoyan görünməz hisslər dünyasından çıxmalıdır. İnsan nə səbəbdən öz ilahi vəzifəsindən uzaqlaşır? – sualının cavabına gəldikdə deməliyik: İnsanlığa cəhddə onun ürəyində və şüurunda ilahi hikmət şirəsi dadını itirmişdir, ruhi yüksəklik aşağılara təpilmişdir. Çün, insan fenomenal varlıqdır, Kainatın gözünə dik baxa bilir – Allahın dərgahına qovuşsun. “Dağğara çağırış” şeirində “Şair, qayalara, dağlara söykən, mənim də arzumu sən yaşat barı” pıçıldamaqla xatıladır ki, dağıdıcı nə varsa məqsədinə çatmayacaq, “ən ağır anlarında dağlarla danış, ən ali komandir o müdrik qocadır” öyüdünü bəyan edir:

Dağlar sevgisində bir ilahi ata,
Dağlar ərköyünlər atası deyil.
Kimini xurcuntək çiyninə atan,
Yellənc sapandına qoyub kimini,
Dərələr dibinə atası deyil.

Məmməd Araz poeziyasında insanlığa nail olma insan vücudunda ruhun dərkidir, sərt ehtirasların: qadınpərəstlik üçün alçalma vərdişi, şəxsi səadət səyi, zəhmətsiz ifrat toplama vurğunluğu və s. aludəçisi olmamaqdır. “Tarixçi alimə” adlı şeirini 1983-cü ildə qələmə aldı, sözünü alimlərlə bölüşdürdü, ona görə ki, cəmiyyətdəki əksiklikləri, ziddiyyətləri görürdü, bunlar şeirdə poetik ifadəsini tapdı. Filosof – şair Helvetsi əbəs deməmişdi: aydın, səmimi ideyalar sahibi olmaq azdır, bu ide¬yaları başqalarına çatdırmaq üçün həm də aydın ifadə bacarığı, daxili zərurəti poetikləşdirmək gərəkdir:

Tarix əlifbası daşdan başlanır,
Əl dəydi yum-yumşalır, göyərir indi.
Başda daş olubdu, daşda baş olub
Bunları eləmək də hünərdi indi.

Tarixə dəyməsin yalan barmağı,
Haqqım yox quşun da haqqını danam.
Mən öz keçmişimə heykəl yonmağı
Alnına yazdıran oğullardanam.

Məmməd Araz poeziyası İnsanı sevincə, nikbinliyə çağırmışdır və bunu şair üçün təbii hesab etmişdir, insanı dəyərləriylə yanaşı, onun qüsurları da təsvir olunur. Axı, insanı ideallaşdırmaq səhv deyilmi? İnsan yeri gələndə ziddiyyətlərlə barışır, güzəştə gedir, lakin şair olaraq millətinə mənfi emosiyalarla yanaşılmasının əleyhinə çıxır. Necə ki, qeyri-adi xüsusiyyətlərimizə qurd, tülkü, çaqqal vərdişləri bulaşdırmışlar əsrlər boyu. Necə ki, sonralar bu çirkabı silmək çətinləşir. “Qurd xasiyyəti” şeirində fikrini sərrast deyir:

Qurdlar yatışırlar ağız-ağıza,
Qurdlar bir-birinin gözündə yatır.
Dönüb öz yalında geriyə baxsa
Qurd da öz balasın diş çaqqıldadır.
Gecə qurd yuxusu qurd yuxusundan
Çimir də istəməz öz qorxusundan...

Bu gün də qurdlara xas xasiyyət insanlar tərəfindən yaddan çıxmamışdır. Am¬ma qurdların üstündən xətt çəkməyək, onlardakı birgəlikdən nəticə çıxaraq:


Səhər dumanından birgələşərlər,
Axşam toranında birgələşərlər.
Girəvə marıqda yatar birisi,
İtlərin başını qatar birisi,
Quzunu dərəyə dartar birisi...

“Qurd xasiyyəti”ndə poetik motivlər itmədi, çün, maraqlı yaradıcılıq psixologiyasıdır, şair sonralar quzu obrazını başqa yönümdə canlandırdı.
Məmməd Arazın poeziyası polifonikdir, “modern”dir, – desəm yanılmaram. Şeir onun üçün gerçək, gözəl və ölməzlik pəncərəsindən görünmüşdür, şeir insan adına, cəmiyyət adına, inkişaf adına qələmə alınmalıdır. Deməli, poeziya sənət üçündürsə, insan fenomenindən bəhs etməlidir. Belə ruhlu şeirlər istənilən dövrlər üçün modernistdir.
M.Arazın poeziyasından analitik qənaətə gəlmək mənimçün təbiidir, çün, şeir¬lərindəki estetiklik, obrazlılıq, metaforik çalarlar müəllif qayəsinin dərinliyinə varır, insan fəzilətinə çağırışdır. Belə bir rakursdan Məmməd Araz poeziyanın qarşı¬sına müəyyən tələblər qoyur: poeziya insanın ən ali hisslərinin təzahürüdür, ona görə ki, başqa sənət növlərindən yuxarıda dayanır, duyğuları oyadır, həzin-həzin pıçıl¬dayır:

Poeziya, poeziya!
Ey qələm qardaşım!
Mənimlə diz-dizə,
Üz-üzə oturan
Sirdaş bacım,
Həmdəm qardaşım! –

deyir. “Şeirim”, “Şeirə gətir”, “Deyirlər şeir oxunmur” və s. poetik nümunələr fikrimizin təsdiqidir. 
Məmməd Arazın poetik fərdiyyətində – tematikasında şair – şeir, yaxud şeir – şair paraleli avtobioqrafik xarakterlidir və şeirlərin predmetində “müəllif məni” durur – bu tezisi qəbul edirəm.

Məmməd Araz şairdir! Və oxucusunu tapdı! “Mən şairəm” şeirini yazdı! Onun üçün söz estetik idealın bədii şərti üsuludur, sənətin obrazlı ifadəsidir, şair coş¬ğunluğunun ruhi yüksəkliyidir. Söz mənəvi və maddi azadlığa can atır. Söz substansiyadır, cövhərdir, davranışın çevrilməsidir.

Məmməd Arazın poeziyası fəal estetik və intellektual qüvvədir, misraları bir hərəkətdir, jestdir, standartlardan uzaqdır...

Məmməd Arazın poeziyası ilə tanış olduqca saatlarımı, günlərimi əsəblərimə büküb özümə toxdaqlıq vermişəm, öz dünyamdan ayrılmışam, xəyalım həqiqətə körpə sevinciylə sığınıb. Qayıtmışam ötən illərə, sirli – soraqlı dünyama: vətən¬ləşdim, məhəbbətləşdim... sağlıq olsun, ömrüm vəfa versə – şairin poeziyasına bir də qayıdacağam.
06.04.2024