Əbülfət Mədətoğlu : - Giley notları...
Ulduzları pərən düşüb ömrümün
Nə gecəni, nə gündüzü duyuram...
Kölgəsinə sığındığım əhdimin -
Duasını , diləməkdən doymuram!..
Od püskürür tərpənişi ahımın
Dilim, ağzım puçurlayır bir anda,,,
Heç bilmirəm mən hansı günahımın -
Adın çəkim, sən Namaza duranda!
Binə qurub, çəpər çəkib, arx açıb
Ürəyimi edib özəl məhəllə!..
İstəyəndə ya oxşayıb, ya sancıb -
Bitirmədim həsrət elmin mən hələ!..
İlə doğru gün karvanı yol ölçür,
Pərən düşən bəxt ulduzun saymadan...
Cisim qalır, içimdən bir ruh köçür -
Bir qadına məhəbbətdən doymadan!