Əlizadə Nuridən İKİ ŞEİR

Ədəbiyyat 07:58 / 28.06.2024 Baxış sayı: 641

     

Qoca

Mənim ümidlərim qocalıb daha,

Qoca adam kimi əsir əlləri...

 

Gözlərim qocalıb bəbəyiməcən,

Qocalıb gözümdə göz yaşlarım da.

 

Bəlkə göy üzü də qocalıb elə-

Min ildi göylərdən eyni ay baxır...

 

Qocalıb anamın nağılları da-

Alma ağacı da göydə qocalıb.

 

Qocalıb əynimdə bu qara pencək,

Şəklim də qocalıb ev albomunda.

 

Tutub əllərindən qoca arzumun,

,,Qocalar evi"nə aparam gərək.

 

...Saqi, qədəhlərə qoca şərab süz

İçək sağlığına bu cavan qəmin.

 

   ***

Sənə gül atdılar, mənə də güllə...

 

Sənin ayrılığın hər yanı tutub,

Dünyanı gözümdən salıb həsrətin.

Mənə göndərdiyin bu son məktubu

,,Qara kağız" kimi oxumaq çətin...

 

Üşüyən çöllərin od-ocağı yox,

Bir yandan fevral da gəlir qarıyla.

O yetim uşağın oyuncağı yox

O uşaq oynayır göz yaşlarıyla...

 

...Çəkib öz komama gətirdim bu gün,

Qorxdum ki, bayırda darıxacaq qəm.

Qəmi övladlığa götürdüm bu gün

Onu balam kimi böyüdəcəyəm...

 

Biz hara gedirik bu boş könüllə,

Bir ayın içində ayrı həftəyik.

Sənə gül atdılar, mənə də güllə-

Yaxşı ki, ikimiz bir hədəfdəyik...

 

Əsən ayrılıqdır, yel deyil əsən,

Bu bəxti tikməyə mənə sap verin.

Niyə əllərini qoyub getmisən

Səni soruşanda nə cavab verim?!..