Saqif Qaratorpaq : - Bu dünyanın yolları...

Ədəbiyyat 22:07 / 26.06.2024 Baxış sayı: 624

 

Bu dünyanın yolları elə başdan əyridi,

Nə yaxşı ürəklərə gedən yollar düz qalıb.

Sən də boynunu burma gedənlərin dalınca,

Elə gedib gedənlər,nə cığır,nə iz qalıb...

 

Zalım,sənə gedən yol qılıncdan da itidi,

Yeridikcə işləyir bağrımın başınacan.

Yaram elə qanayır,hər gecə gül açıram

Dırnağımın ucundan gözümün yaşınacan.

 

Gözlərinin altından keçib gedə bilmirəm,

Kipriklərin yolumu elə kəsib,deyir- "dur!"

Sən gedəndən yollara bulud olub yağıram,

Başım çəndə,dumanda...ayağımı sel yuyur...

 

Bir sərhəd dirəyidi-ümid,bitib yolunda,

Gözlərimin yaşını içib bəlkə göyərdi.

Tərpəndikcə hey batır ürəyimin başına,

Xatirələr tikanlı məftildən də betərdi.

 

Girov qaldı ayağım gör neçə əyri yolda,

Bir ömür qurban getdi,düz yola çıxanacan...

Bildim,bütün yolların sonda bir ünvanı var,

Sən də mənə qayıdan uzun,sonuncu yolsan.