Əlisəfa Azayev : - Gülümsəyən Murov!...

MƏDƏNİYYƏT 17:55 / 25.06.2024 Baxış sayı: 4308

 

 

... 13 iyun 2024-cü il tarixli gün... Tərtərə səfərim zamanı əsasən oradakı hərbi məhkəmənin sədri İlqar Quliyevlə görüşmək, ötən günləri yada salmaq, xatırlamaq idi. Başqa elə bir məqsədim yox idi. Bir də imkan olarsa, Tərtər Mərkəzi Kitabxanaya baş çəkmək, kitabxana işçiləri, oxucularla görüşmək... Sözsüz ki, dövlət notariat ofisinə də baş çəkəcəkdi. Bu onda adət idi. Getdiyi, səfər etdiyi rayonlarda həm də Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkərdi.

Maşınla əvvəl Kürdəmirdən gəlib Yevlaxda düşdü. Şəmkir mikroavtobusuna minmişdi. Qiyməti bir manat artırsa da, daha bir söz demədi. Beş manatını verib, razılıq edərək yerə düşdü... Bərdəyə gedən avtobusa çatmışdı axı. Ora da manat yarıma... Avtovağzaldan Tərtər dayanacağına qırx, yoxsa altmış qəpik. Fikrində deyil. Beləcə ayağı yüngül oldu Tərtərə gedən Ağasifin xarici markalı avtomaşını sərnişinlərlə doldu. Yola düşdülər. Qarşıda o əyləşmişdi. Deməsinə görə, hər bir sərnişini bir manat əlli qəpiyə aparır. Ürəyində əhsən dedi ona. Kürdəmirdə həmin məsafəni üç manatdan aşağı aparmırlar.

Oğlan boylu-buxunlu, yaraşıqlı bir cavan idi. Onu söhbətə çəkmək istədi:

- Saqqal... Qırxmağa vaxtınız olmur?

- Həm hə, həm yox...

- Orta məktəbdə necə oxumusunuz?

- Belə də... Yaxşı qiymətlər almışam.

- Bəs niyə taksi sürücüsü?

- Mən Stavropolda yaşamışam. İndi də oranın Texniki Universitetinin tələbəsiyəm.

- Əla...

- Arada burada hərbi işə düzəldim. Zabit idim. Dözə bilmədim. Baş leytenant rütbəsində həmin işdən uzaqlaşdım.

- Çox təəssüf... Sizdən bunu gözləməzdim. Dözmək lazım idi. O qədər peşman olacaqsınız ki...

- Elə peşmanam da...

Bir anlıq araya lal sükut çökdü. Fürsətdən istifadə edib, qarşıda görünən mənzərəyə baxmaqda idi. Doğmaqda olan Günəşin al şəfəqləri altıda son illər bizim üçün kədər mənbəyi olmuş Murov, sanki, gülümsəyirdi... Özünü saxlaya bilməyib dəcəl bir uşaq sevinci ilə dilləndi:

- Qarşıya!... Bir diqqətlə baxın!... Murov, sanki, şaddır, gülümsəyir!...

Maşındakı sərnişinlərin gümrah səsləri eşidildi. Kişili-qadınlı ona səs verdilər, onun kövrək səsinə qoşuldular:

- Bəli, qardaş!...

- Əlbəttə ki!...

- Murov gülümsəyəcək də! Torpaqlarımız azad olunub. Bütün Qarabağ – Şuşa, Xocalı azad olunub! Xankəndində üçrəngli, al bayrağımız dalğalanır!...

Hərbi Məhkəmədə polis Seymur ona xoş olmayan xəbər verdi:

- Çox təəssüf, hakim burada yoxdur.

- Mənə məhkəmənin sədri – İlqar Quliyev lazımdı.

- Elə onu deyirəm də. 15 iyun – Qurtuluş Günü münasibətilə Xankəndinə səfər ediblər.

Hakimlə köməkçisi əlaqə saxladı. Müəyyən vaxtda özü dəvət edəcəyini bildirdi. Odur ki oradan üz tutdu Tərtərin mərkəzinə. Notariat ofisində də bu vəziyyət. Şəhriyar müəllim yerində yox idi.

Tərtər rayon Mərkəzi Kitabxanası yaxınlıqdakı gözəl bir binada yerləşir. Demək olar ki, Tərtər İcra Hakimiyyətinin binası ilə üzbəüz olan Mədəniyyət Mərkəzində. İkinci mərtəbədə geniş bir sahə – xeyli otaqlar onların payına düşüb. Onlar da İcra Hakimiyyətində keçirilən tədbirdə idilər. Bir azdan gəlib çıxdılar.

Əvvəlki direktoru Ulduzə xanım təqaüdə çıxmışdı. İndiki Reyhan xanım İsmayılov idi. Bir andaca stolların üstünə xeyli sayda oxunmuş kitablarını topladılar. Kitabxanaçılardan Cəmalə Quliyeva, Təranə Ələsgərova, Afət Zeynalova xüsusi fəallıq göstərirdilər. "Bir gecənin sirri", "Günahsız məhbus", "Qanlı gündəlik" kitabları daha çox gözə dəyirdi. Xidmət şöbəsinin müdiri Şəlalə Əliyeva, oxu zalının müdiri Fərqanə Orucova da burada idilər. Kimsə bildirdi:

- Fərqanə şəhid bacısıdı.

O an dilləndi:

- Allah rəhmət eləsin... Məzarı nurla dolsun...

Sanki, bu ağır sükutu yox etmək istəyirmiş kimi soruşdu:

- Harada?... Nə vaxt şəhid olub?

Gümrah görkəmli sarışın qız pıçıldadı:

- Orucov Pərviz Novruz oğlu... Qardaşım...

Kimsə, sanki, ona köməyə gəldi:

- 15 oktyabr 2020-ci il tarixli gün... Axşamüstü, alatoranlıqda səksən yaşlı bir qadını dəfn etmək üçün aparmışdılar. Qəbiristanlıqda, elə dəfn zamanı erməni qaniçənlərin zərbəsinə məruz qalıblar.

Səslər, pıçıltılar eşidildi:

- Raket...

- Top...

- Nə fərqi var ey?!

- Sən onu demə...

Bayaqki xanım sözünə davam etdi:

- Onda heç nədən dörd nəfər həlak oldu. Biri də elə bank müdiri Orucov Pərviz Novruz oğlu idi.

Direktor müavini Reyhan İsmayılova bu sahədə artıq on altı ildir ki işləyir. Metodik şöbənin müdiri Ətrabə Süleymanova da xeyli təcrübəlidi. Onların hər biri danışdıca stolun üstündəki kitablarına isnad edir, onları tərifləyirdilər. Demələrinə görə, oxucuların maraq dairəsində olan kitablardır.

Söz ona veriləndə ilk əvvəl Tərtər rayon sakinlərini, onları salamladı, minnətdarlığını bildirdi. Bəli, müəllif kitab yazır, onu hörmətli edən oxucusudur. Sevindirici hal idi ki, burada onun xeyli sayda oxucuları vardı.

Çıxış edəndə bir vaxtlar onların rayonunda birinci katib işləmiş tərtərli Bilal Mahmudovu xatırladı, ünvanına xoş sözlər dedi. Bir kadr kimi yetişməklərində onun böyük xidmətləri olmuşdu. Tələbkar, işçinin əməyini, zəhmətini qiymətləndirən rəhbər idi. Geri qayıdanda mindiyi "Jiquli" maşının sürücüsü Pəhləvan kişi maraqlı adam idi. Hələ də "Veteran" adı ala bilməməsindən gileyləndi. 2022-ci ildə 29 yaşlı oğlu Amin avtoqəza nəticəsində həlak olub, sonra da elə həmin vaxtlar qaçqın kimi yaşadığı evi yanıb...

Ağdamlı idi, deməsinə görə, bir vaxtlar – doxsanıncı illərin əvvəllərində "Azərbaycan" qəzetinin redaktoru Bəxtiyar Sadıqovla Ağdərəyə səfər edib. Bu o vaxt olub ki, heç kim inanmayıb ki, Ağdərə bizimkilər tərəfindən azad olunub... Mingəçevirdə olanda müəllif onların evinə gəlib. Şəxsən "Qeyrət və Xəyanət", "Ağdərədən gələn var" kitablarını ona hədiyyə etmişdi.

- Bəs indi niyə görüşmürsünüz?

- Vaxtım var?! Bir gün işləməsəm dolanışıq çətin olar. Görsəniz deyin... Ehtiyat etməyin... O məni yaxşı tanıyır...

- ...

- Onda heç kim onunla yoldaşlıq etmədi. Hamısı erməni gülləsindən qorxdu. Biz hərbi maşında yola düşdük...

- ...

- Ağdamın sabiq İcra başçısı Həsən Sarıyevin də bu işlərdə böyük əməyi olub. Onda bizim batalyonu o maliyyələşdirirdi. Gənc, zavod direktoru idi... Vinzavodun...

- ...

- On altı il İcra başçısı işlədi... Hünərli adam idi...

Tərtər səfəri beləcə başa çatır. Pəhləvan kişiyə artıqlaması ilə yol haqqı ödəyir. Əvvəl heç götürmək istəmir:

- Qonaq olun...

- Yox... Siz də zəhmət çəkirsiniz... Tək-tənha məni oradan bura gətirmisiniz.

- Borcumuzdur...

- Çox sağ olun...

Gözləri önündə bir anlıq Biləsuvar torpağının şəhid oğlu, nəinki Azərbaycanın, bütün türk dünyasının fəxri Milli Qəhrəmanımız Mübariz İbrahimovun əziz surəti canlanır. Axı iyun ayının on səkkizindən on doqquzuna keçən gecə o Tərtər torpağında haqq dünyasına qovuşmuşdu. Allah qəni-qəni rəhmət eləsin ona. Nahaq yerə onun haqqında "Mübariz qətiyyəti" romanını yazmayıb ki... Bu hissin, həyəcanın nə demək olduğunu bu anları yaşayanlar yaxşı bilərlər... Bəli, həmin gün Murov, sanki, onun üzünə baxıb gülümsəmişdi... Necə ki, son anda igid qəhrəmanımız, milyonların sevimlisi Mübariz İbrahimova baxıb, onun müstəsna qəhrəmanlığı, şücaəti önündə gülümsəmişdi...