Əlisəfa Azayev : - Ömür çırağım...
 

Ədəbiyyat 09:02 / 28.06.2024 Baxış sayı: 691

 

Siyəzən – sən mənim ömür çırağım, əgər belə demək mümkünsə... Həyatımın ən gərgin, kəhkəşan, həm də mənalı, mübarizəli günləri səndə keçib. 1995-ci ildə Siyəzən rayon dövlət notariusu təyin olunub, bu rayona gələndə, artıq xeyli müddət iş, həyat təcrübəsi olan birisi idim. Üç kitabım çap olunmuşdu: iki hekayələr, bir povestlər kitabı. On il müəllim, iki il "Bilik" cəmiyyəti Kürdəmir rayon təşkilatının məsul katibi, on beş il Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri kimi...

1994-cü il – Gəncə hadisələri ilə əlaqədar nazirlər yerlərə ezam olunmuşdular. Kürdəmirə də Ədliyyə naziri əvəzi Südabə xanım Həsənova gəlmişdi. Onda icra başçısı Soltan Hüseynov idi. 1000 nəfərlik Mədəniyyət evinin böyük zalında keçirilən toplantıda bir xaos, anarxiya vardı. Hürriyyət vaxtı idi. Ağız deyəni qulaq eşitmirdi. Mənə söz veriləndə içəri sakitlik çökdü. Sanki, qurbağa gölünə daş atdılar. Mən pafoslu cümlələrlə başladığım kimi də fikrimi yekunlaşdırdım: "Yaxşı, indi biz kimin arxasınca gedək?! Kreml yüksəkliyinə, ucalığına qalxmış Heydər Əliyev cənablarının, yoxsa bu naşı adamların?!" Zalda canlanma yarandı, xeyli alqışladılar.

Südabə xanım onda mənimlə maraqlanıb. Deyiblər ki, həm də hakim məzuniyyətdə olanda onu əvəz edir. Bir sözlə, bir gün İcra başçısı Soltan Hüseynov dedi: "Əlisəfa müəllim, şad xəbər... Prezident Aparatında olanda Südabə xanımla görüşdüm. Dedi ki, sizə deyim, bir kadr kimi sizdən istifadə edəcəklər". Belə də oldu... Əslində onu hakim göndərmək istəyirdi. Prezident test imtahanlarına görə təyinatı saxladığı üçün Siyəzənə dövlət notariusu təyin etdi. Demə, o, sayca ora təyin olunan doqquzuncu notarius olub. Əvvəlkiləri müxtəlif bəhanələrlə geri qaytarıblarmış. Diplomu saxta çıxan əvvəlki notarius qızı müdafiə etmək üçün.

Xoşbəxtəm ki, o illərdə yeni konstitusiyamızın müzakirəsində iştirak etdim. İcranın akt zalında keçirilən tədbirdə çıxış edərək xeyli təkliflər verdim. Mən BDU-nun Dövlət hüququ kafedrasının aspirantı idim. Elmi rəhbərim professor Murtuz Ələsgərov idi. Sonradan kafedranın adı dəyişdirilib "Konstitusiya hüququ" oldu.

Həmin toplantı mənim Siyəzəndə tanınmağım kimi oldu. Böyük idarə, müəssisələrdə, təşkilatlarda müntəzəm çıxışlarım təşkil olunub, keçirilməyə başladı. O vaxt 2500 nəfərdən artıq işçisi olan böyük neft təşkilatı NQÇİ-də müzakirənin keçirilməsində rayon prokuroru iştirak etməli idi. Bir neçə gün idi ki, orada 1000 nəfərdən artıq işçi əmək haqları ləngidiyi üçün oturaq tətil keçirirdilər. Bu səbəbdən prokuror "Bakıda müşavirə var" adı ilə aradan çıxdı. Əldə qalan mən oldum. Başçının tapşırığı ilə Qədir müəllimlə tədbiri keçirmək üçün həmin təşkilata getdik. İcra Hakimiyyəti ilə üzbəüz yerləşirdi.

Onların böyük zalında 500-dən artıq işçi vardı. Yerlər hamısı tutulmuşdu. Ayaqüstə duranlar da vardı. Mən onların qarşısında düz üç saat çıxış edəsi oldum. Saat yarım da sorğu-suallarına cavab verdim.

1995-ci ilin mart hadisələrindən sonrakı illər ağır illər idi. Belə bir günlərin birində Siyəzən rayon Polis rəisinə təsir göstərildi, rayonu tərk edəsi oldu. Sonradan bir müddət DİN-də növbətçi, daha sonra Bərdəyə polis rəisi təyin olundu. Rayon prokuroru gözəl, insan adam idi. Otağındaca şərləndi, döyüldü... Respublika Prokurorluğu da onu müdafiə edə bilmədi. Qubada müstəntiq işləyəndə görüşdü. Kövrəlmiş halda dedi: "Axı mən belə adam deyildim..." Bir dəfə söhbət düşəndə o vaxtlar Siyəzən şəhər nümayəndəliyinin sədri işləyən Pirverdi müəllim dedi: "İnanın, biz yaxın, dost idik. Onların evində də olmuşam. Şəxsən onun anasının ayaqlarını vannaya qoyub yuduğunu öz gözlərimlə görmüşəm..." Bəli, belə bir adam necə yolunu azmış ola bilərdi?!

Sonra da xalq hakiminin Ağır Cinayətlərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən otağındaca həbsi, qollarının qandallanması, Milli Məclisin bu həbsə razılıq verməsi. Ortalıqda pul, rüşvət söhbəti olsa da, məsələnin qaranlıq, bizə məlum olmayan gizlinləri də vardı. Hakim bəraət alsa da, həyatı, əsəbləri korlandı, uzun müddət halsız oldu, xəstə yatdı.

O ağır günlərdə onu təcili Baş idarəyə çağırdılar. İdarə rəisi Əlisaab Orucovla yenicə görüşmüşdü ki, daxili telefon zəng çaldı. Ədliyyə naziri əvəzi Südabə xanım Həsənova idi. Dərhal onun qəbuluna getdi. Dedi: "Xoşagəlməz vəziyyəti bilirsiniz də. Oranı – məhkəməni, həkimliyi sizə həvalə etmək istəyirik. Nə edə bilərdi ki, ədliyyənin əsgəri idi: “Sizin köməkliyinizlə yola verərəm...”

Ancaq onun xalq iclasçısı seçilməsi düyünə düşdü. Başçı öz kadrını – hüquq şöbəsinin müdirini təsdiq etdirmək istəyirdi. Bir gün nazir əvəzi ona dedi: "Axı bir başçı niyə belə edir?! Onun kadrının məhkumluğu var. VVAQ-da işləyəndə aləmi qatıb bir-birinə. Axşam hər ikinizin şəxsi işi ilə Prezidentin qəbulunda olacağam".

Səhəri gün də xalq iclasçısı seçildi. İşlər qaydasına düşdü. Yeddi aya kimi rayonda məhkəməyə hakimlik – sədrlik elədi. Yüzlərlə cinayət, mülki, inzibati işə nəticə verdi. Bir işi belə ləğv olunmadı. Yalnız bir iş... O da iki maddəli iş idi. Zorlama maddəsini qərarla ittihamdan çıxarıb, iki arvadlılığa görə müttəhimə iki il həbs cəzası verdi. Prokuror doqquz il cəza istədiyi üçün hökmdən narazı qalıb, işdən protest verdi. Respublika Prokurorluğu, Ali Məhkəmə şikayəti təmin etdi. İş yenidən baxılmaq üçün qonşu Dəvəçi (indiki Şabran) rayonuna göndərildi. Bu sahədə iyirmi beş il iş təcrübəsi olan hakim işə nəticə verdi. Eynən onun kimi. Cəza nə artırıldı, nə də ki azaldıldı. İki il müddətində də saxlanıldı.

Bu vaxtlar icraatımda bir mülki iş vardı. Quba, Qusar, Xaçmaz rayonlarını gəzib bura gəlmişdi. Əli düşərli oldu. Ev sahibinə qaytarıldı. Həmin uğurlu işə görə Ali Məhkəmədə ona təşəkkür elan etdilər.

İyirmi bir illik notariat fəaliyyətimdə də, tək Siyəzənin yox, neçə illər Xızı, Dəvəçi (Şabran) rayonlarının dövlət notariuslarını illərlə əvəz elədi. Yekunda, təqaüdə çıxmaq ərəfəsində Ədliyyə Nazirliyi fəaliyyətini yoxlatdı. Məlum oldu ki, bu illərdə ondan bir ərizə – şikayət olmamış, bir işi belə ləğv olunmamışdır. Ona görə də fəaliyyəti iki yüzədək dövlət notariusları arasında Ədliyyənin ən yüksək mükafatı – Ədliyyə Döş nişanı ilə qiymətləndirildi. Sabiq nazirimiz Fikrət Məmmədova buna görə minnətdardı. Baş İdarənin rəisi İlqar Məmmədova, sabiq notariat idarəsinin rəisi Mehman Soltanova ürəkdən çox sağ ol deyir, razılığımı bildirirəm. Əməkdar hüquqşünas adını hələlik almasam da, bu onun halal haqqı idi. Vaxtında vərəsəliyə, qeydiyyat kitablarına aid nə qədər təkliflər vermişdi. Hamısı da sonralar icra olundu. Ədliyyəyə aid yazıları müntəzəm olaraq "Azərbaycan", "Xalq qəzeti", "Respublika" qəzetində dərc olunardı.

Hətta bir dəfə "Azərbaycan" qəzetində dərc olunmuş "İnam, ümid yeri" yazısından idarə rəisi narazı qalsa da, mətbuat xidmətinin rəisi Aydın Ağazadə ona zəng çalıb bildirdi: "Nazir Fikrət müəllimin dərkənarı ilə həmin qəzet şəxsi işinizə əlavə olundu".

Elə məsələlər var ki, əsl mənada aysberqi – buz dağını xatırladır. Az hissəsi görünür, çox hissə görünməz, çoxlarından xəbərsiz qalır. Bəlkə də, inanmazlar ki, o illər iki dəfə ona qarşı xüsusi qərardad çıxarılıb – cinayət işi başlanılıb. Prokurorluq araşdırma aparıb. Sadəcə, o, vərəsəlik qaydasında şəxsi mülki bir yetimə verdiyi üçün... Sonra da adı bir etibarnamədə hallandırıldı. Bir sözlə, o, əlacsız qalıb dövlət notariusu kimi hakimin hərəklərindən şikayətçi oldu. Ali Məhkəməyə kassasiya şikayəti verdi. Hakimin qətnaməsi, qərardadı – hamısı ləğv olundu. Etibarnamə məsələsi də onun kimi...

İndi hər dəfə Siyəzənə gələndə o gərgin keçən illəri xatırlamalı olur. Siyəzən də həminki Siyəzən deyil, xeyli abad, gözəl, yaraşıqlı olub. Bu sahədə hazırkı İcra başçısı Novruz Novruzovun xidmətləri əvəzsizdir. Vaxtında nahaq yerə Ulu Öndərimiz onun haqqında deməmişdi ki, quruculuq, abadlıq işlərini görməyi, aparmağı Goranboyun İcra başçısından öyrənin...

Bu günlərdə orada yenə toy şənliyində idi. Fürsətdən istifadə edib, köhnə tanışlarla görüşdü. Böyük Həmyə kəndində oldu. Onlardan biri Məşədi Alim Məmmədovdur. Bu adam nə qədər dəliqanlı, ərköyün olsa da, bir o qədər böyük qəlbə sahibdir. Dostluqda, yoldaşlıqlıqda etibarlı, möhkəmdir. Doxsan üçüncü ildə – Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışını alqışlayan, ona teleqram vuran adamlardan biri olub. İndi də həmin teleqramı onun sənədləri arasında görmək olar. Həyat yoldaşı Valya xanım rus türklərindəndir. Oğlanları Sahib, Rahib, sanki, qoşa qanadlarıdır. Vaxtında onun şikəst, ayaqları kəsilmiş qayınatasına göstərdi qayğı onu heyrətləndirərdi. Sözsüz ki, elə bu xeyirxahlığı səbəb oldu bu yaxınlığa. Evlərində onu əziz bir qardaş kimi qarşıladı.

Zöhrab Dəmirov da köhnə məhkəmə işçilərindəndir. Uzun müddət Siyəzən məhkəməsinin həyətindəki nəhəng çinar ağaclarının yarpaqlarının xışıltısına, pıçıltısına qulaq asmışıq. Görüşəndə, əl çəkmədi. Təkidlə onu evlərinə apardı. Pürrəngi çay içəsi oldular. Xoşbəxt olsunlar. Övladları ağıllı uşaqlardı.

Bəli, Siyəzən – sən mənim gur yanan ömür çırağımsan! Mən sadəcə sənə yox, sakinlərinə həmişə ümid, inam yeri oldum. Məni həmişə həyatın maddi imkanlarından çox, mənəvi tərəfləri maraqlandırdı, düşündürdü. Məhkəmənin xidmətçisi Xatın xanım bir gün necə dedi: "Əlisəfa müəllim, bilirəm bu illər ərzində burada öz hesabına kirayədə qaldın. Nə etmək, sənin evin qəlblərdədi". Bu yerdə notariat kontorunun kargüzarı Ruhəngiz xanım minnətdarlıqla yada düşür. Hacının, Şəmsəddin kişinin, Nurcahan xanımın, Səidənin adını çəkməmək insafsızlıq olardı. Sağ olun... Xoşbəxt olun...