Əbülfət Mədətoğlu: - Tək adamın mənzərəsi...

Ədəbiyyat 09:23 / 25.06.2024 Baxış sayı: 3011

 

Fikirlidi, danışmaq da istəmir

Öz içində heykəl kimi oturub...

Dizi əsir, amma kömək səsləmir -

Sanki Yeri o, çiyninə götürüb!..

 

Bir yaşamın ağrıların üzündən,

Bir də ahın tüstüsünü gizləmir...

Bu dünyada - Allah, Sən və özündən -

Başqasının diqqətini gözləmir!

 

Sükutunun kirkirəsi daş çəkir,

Xəyalında məktub yazır - qələmsiz...

Şəkilinə gözləriylə baş çəkir -

Əvəzində ümid alır - sələmsiz!..

 

O nə qədər yüklənsə də fikirlə,

Bir addım da duran deyil geriyə!..

Gecə, gündüz elədiyi zikirlə -

İnamı var - bir gün qoşa yeriyə!..