Faiq Balabəyli : - Məni

Ədəbiyyat 08:10 / 27.06.2024 Baxış sayı: 536

 

O qədər arxadan badalaq verib

o qədər çətinə salıblar məni.

Heç zaman büdrəyib yıxılmamışam

çirkin oyunlara atıblar məni.

 

Dəryalar keçmişəm, dağlar aşmışam

görüblər qayayam, görüblər daşam.

Yad adam, mən sənçün, deyib, qardaşam

doğmalar bir ucdan satıblar məni.

 

Bu da bir ömürdü, taledi, baxtdı

doğrudu, yalandı, haxdı, nahaxdı

“Şeş-beş” oynayıram, görün nə vaxtdı

zər tutub, "sə-bir"lə tutublar məni.

 

Məndən uzaq durun min yol, min ağac

quruyub olarsız önümdə qaxac.

Qazan xan balası Buğacdım, Buğac

Aruzun dəstinə qatıblar məni.