İSMAYIL MƏRCANLI İMANZADƏDƏN  İKİ ŞEİR

Ədəbiyyat 22:52 / 27.06.2024 Baxış sayı: 2295

DÜNYA AĞLAŞMA YERİYMİŞ...

Dünya ağlaşma yeriymiş,

Ölünü yaddan çıxarıb

Dirini ağlayan da var.

Boşa çıxanda əlləri

Ümidinin mamır bitən

Yerini ağlayan da var.

 

Birinin sönür ocağı,

Axtarıb küncü-bucağı

Sonrasın gəzib ağlayır.

Biri “gəlhagəl” vaxtında

Havalanıb unutduğu

Tanrısın gəzib ağlayır.

 

Ayaqlar altında qalan

Həyətini-bacasını,

Perik düşən obasını -

Elini ağlayan da var.

Qürbətə sığınan kimi

Söndürülən ocağının

Külünü ağlayan da var.

 

Kimsə qıvrılıb qırışır,

Kimsə dövranla yarışır...

Heç kimə qalmayır dünya,

Sona çatanda vaxt-vədə,

Elə varlı da ağlayır.

 

Qaniçən də dönür muma -

Qolu zorlu da ağlayır...

Ölünün dalınca gedib

Özünü ağlayan da var.

Dən tutmayan kəlməsini,

Sözünü ağlayan da var.

 

Zülmətdə səmti itirib,

İzini ağlayan da var...

Deyəsən hər kəsin elə

Dərdi özündən iriymiş.

Dilim gəlmir baxıb deyəm,

Dünya ağlaşma yeriymiş...

30. 07. 2017

 

BİRCƏ YOL ADAM OL, ADAM...

Bəlkə iblissən, ya şeytan,

Səninkidir hələ meydan.

Demirəm ki halıma yan –

Qohumum-qudam ol, adam!

 

Adın qulağına calaq,

Qarğış-nifrin səndən iraq...

Ayağının altına bax –

Hərdən uçuq dam ol, adam!

 

Bəxtin yeyin, yolun kəsə,

“Alqış” səndəki həvəsə!..

İşığın düşmür heç kəsə,

Nə çıraq, nə şam ol, adam!

 

Mülkün, sərvətin səf-səfə,

Gələn deyilsən hədəfə.

Ömründə tək bircə dəfə -

Noolar, adam ol, adam!..

26.06.2022

26.06.2022