Şakir Xanhüseyn : - Səni and verirəm ucalığına

Ədəbiyyat 14:28 / 21.03.2025 Baxış sayı: 720

***

Səni and verirəm ucalığına,dağ,

əlçatmazlığına,

ətəyindən üzülməyən dumana,

çisəkləyən çənə,

başında günəşi

xonçatək tuta bilməyinə,

başın üstə çaxan şimşəklərə and verirəm,

bir də vıy-vıy əsən küləklərə,

səni and verirəm

xırda-xınalı daşlarına,

daşlarından keçmişin silinməyən izinə,

o daşların çopur üzünə and verirəm,

and verirəm yamacına,yalına,

dar cığırlarına,

yekəağız kahalarına and verirəm,

and verirəm dağlığına,

qoyun-quzunun

daşları çıqqıldadan göyçək dırnağına,

ayağına

dərin dərələri geyinmisən-

onlara andım olsun,

nədir məndəki bu əbədi hüzn-

həmişə qəlbimin qanıyla doludu ovcum...