Əbülfət Mədətoğlu : -Ömrümün bir az-ları...

Bir az yağış yağıb, bir az gün çıxıb
Bir az da güneydə qar naxışı var...
Bir azca könlümü həsrəti sıxıb -
Bir az da üstümdə yar baxışı var...
Bir az səsim titrək, bir az da əlim
Bir az da gözümdə yaş lilənibdi...
Bir az gedişim var, bir az da gəlim -
Bir az da yerimə daş dillənibdi...
Bir az ahım pərən, bir az bayatım
Bir az sözüm sınıq, bir az ürəyim...
Bir az xatirədi, bir az,həyatım -
Birazlar olmasa vurmaz ürəyim!..
Bir az təklik yüküm, bir azda ilğım
Bir az da gözümdə düyün düşən yol...
Bir az cilovsuzdu tay xəyal ilxım -
Bir az da qəm atır , arada, əl-qol!..
Bir az öz günahım, bir az varlığım
Məni bir azların torina saldı...
Bir az da şairlik bəxtiyarlığım -
Fürsətçil söz qapan ovcunda qaldı...