Elnur Uğur Abdiyev : - Diliylə

Öpdüm çiçəkləri külək sevgimlə,
Çəməni dindirdim yağış diliylə.
Sevgimi dilimə gətirəmmədim,
Anlatdım anlamlı baxış diliylə.
Neçə mənlər doğdu tək o səsində,
Tək o səsi doğdu o kəlməsin də
Bu ömür xalının hər ilməsində,
Şükr etdim Tanrıma naxış diliylə.
Nə olsun özümə yarıyammadım,
Yananda kül oldum,yarı yanmadım.
Pislik eləyəni qarğıyammadım,
Ardınca danışdım alqış diliylə.
Hər gün zaman məndən bir heykəl oyar,
Sabaha özünə abidə qoyar.
Sinəsi ağ səma yar qoynu olar,
Kim məni anlasa bu quş diliylə.