Lilpar Cəmşidqızı : - RÜBAİLƏR (Əxrəb şəcərəsi)

Ədəbiyyat 08:45 / 23.03.2025 Baxış sayı: 775

 

Məf'Ülü məfA' İlün məf'Ulün fə'

+++

Ağrıtma, ey Allahım, qəlbim dözmür,

"Kəndir" dolaşır hərdən, ruhum çözmür.

Gündüz-gecə yol getdim, qaytardın Sən,

Qurban kimi canım səndən əl üzmür.

+++

Köksümdə məhəbbətdən hündür dağ var,

Ətrafına boylandım, solmuş bağ var.

Yar, qoyma ömürdən, bir kərpic düşsün,

Qarşımda gözəl günlər, qəmsiz çağ var.

+++

Sevdayə düşən yar doymaz vüslətdən,

Ölmüş neçə aşiq, qəmdən, həsrətdən.

Leyla ilə Məcnun çoxdan can vermiş,

Artıq yemək olmaz, vallah qismətdən.

+++

Tez-tez dəyişir, dincəlmir dövran heç,

Hər gün çoxalır qəm, bitmir qurban heç,

Almış bu məşəqqətlər, bir çox canlar,

Doymur gözün adəm, dolmur ümman heç.

+++

İnsanı yaratdın, bə'zən güldürdün,

Hardan gəlib insan hər dəm bildirdin.

Bir bəndəyə can bəxş etdin, ruh verdin,

Çox canlını dərmansız Sən, öldürdün.