Əbülfət MƏDƏTOĞLU : - Novruzun ilk səhəri...

Ədəbiyyat 10:08 / 21.03.2025 Baxış sayı: 661

 

Mən bir hənir hiss elədim içimdə,

İlıq bir səs oyadırdı yuxumu...

Elə bil ki, tam ürəyim biçimdə -

Bir gözəllik bələyirdi duyğumu...

 

Çevirirdi vərəqləri yaddaşım

Axar suda yuyunurdu baxışım...

Söyləyirdim, nənəm deyən duanı -

Bu Novruzda kaş tutuşsun naxışım!..

 

Tələsirdim samavarı doldurub -

Özüm atım. ilk baharda közünü...

İstəyirdim səssiz, həm də gizlicə -

Gözlərimə çəkim onun gözünü!..

 

Alınmırdı bu niyyətim, bax onda

Düşünürdüm min bir cürə bəhanə...

Var-gəl edib, yorulanda lap sonda -

Bilmirdim ki, nələr edim, daha nə...

 

Mənə doğma, sizə nağıl o çağlar

Hənirinə yenə bükdü duyğumu...

Yatmış ikən , bu şəhərli uşaqlar -

Mən mətbəxdə ,suya deyim yuxumu...