Ağamir Cavad : - QADIN

Ədəbiyyat 21:41 / 22.03.2025 Baxış sayı: 965

 

Dünyanın məhəbbət qəlibi sənsən,

Eşqindir ən böyük fəzilət, qadın.

Dünənin, bu günün qalibi sənsən,

İnamın sabaha zəmanət, qadın.

 

Dünyaya ruh verən nəğmən göyündür.

İstəyin şadlıqdır, toydur, düyündür.

Saflığın ən böyük xoşbəxtliyindir,

Qoy döysün qapını səadət, qadın.

 

Ömrün ocağında bənzərsən közə,

Möhtacıq dilindən çıxan xoş sözə.

Allah ana kimi veribdir sizə

Dünyanın taleyin əmanət, qadın.

 

Bir baxsa, ayırar yalandan düzü,

Haqqa mizan olur söhbəti, sözü.

Eşq ilə ölçülür haqq tərəzisi,

Ürəklər götürmür xəyanət, qadın.

 

Ürək bağışlamır qəlb oğrusunu,

Məlhəm ol, yaramın aç sarğısını.

Çəkirsən həyatın hər ağrısını,

Səndədir bu dözüm, dəyanət, qadın.

 

Tanrı yer üzünə eşqlə qoyub iz.

Sevginiz dünyada çağlayan dəniz.

Eşqə dəyər verir sadiqliyimiz,

Sevgini ucaldır sədaqət, qadın.

 

Sevgidir qəlblərdə yandıran çıraq,

Göylərin eşqiylə çiçək açar dağ.

Həyat qanunudur cəsur yaşamaq,

Sevgidən doğulur cəsarət, qadın.

 

Ağamir, gözəllik sevdasına düş,

Qəlbinə nur yaysın bu eşq, bu görüş.

Təpədən dırnağa diqqət, nəvaziş,

Təpədən dırnağa məhəbbət qadın.