Əlizadə Nuri : - Labirint

Ədəbiyyat 20:50 / 23.03.2025 Baxış sayı: 784

 

Əvvəl özünü itirirsən,

sonra başqalarını...

Ümid yelləncəyini asdığı

ağaclar kəsiləndə

yıxılıb ölür adam.

Əvvəl arzularına yas saxlayırsan,

Sonra da özünə.

...Üz tutduğum adamlar

üzünü qəzet oxuyurmuş kimi gizlətmişdi.

Qəzetin arxa tərəfində isə

ancaq bu sözlər yazımışdı:

"Mən əclafam!"

Zökəmdən ölməkdənsə,

dərdən ölmək daha faydalı-

ölürsən, bir dərd də ölür.

Hərdən

küləkli havanı da sevməli olursan-

Çərpələng uçuran uşaqlara görə.

Həyatdı da,

Böyük məqsədlər iflasa uğrayanda

siqaret tərgitmək arzusunu da

adam özünə iş bilir.

...Tərs kimi

doğmaların çoxu zalım olur-

Sən də doğmasan, ilahi...